Görünən odur ki, iki dost dövlət arasındakı xoş münasibət kimlərisə narahat edir
Məlum olduğu kimi, 2026-cı il iyunun 5-də CNN transmilli media şirkətinin “İsrail İran müharibəsi zamanı region üzrə gizli şəbəkənin bir hissəsi olaraq Azərbaycana qoşun göndərdi" başlıqlı məqalə yayımlayıb. Məqalədə heç bir mənbəyə, fakt və sübuta istinad edilmədən Azərbaycana qarşı informasiya təxribatına yol verilib, İsrailin guya ölkəmizin ərazisindən İrana qarşı hərbi əməliyyatlarda iştirak etdiyi ilə bağlı həqiqətə zidd məlumatlar yer alıb.
Hər şeydən öncə qeyd edək ki, CNN-nin öz iddiasını sübut edə biləcək hər hansı fakt ortaya qoya bilməməsinin özü bu qurumun qeyri-ciddiliyindən, məsuliyyətsizliyindən, faktlara deyil, fikirlərə, söylənti və nağıllara istinad etdiyindən xəbər verir.
İkincisi, rəsmi Bakı dəfələrlə bəyan edib ki, Azərbaycan ərazisindən heç vaxt heç bir ölkəyə qarşı istifadəyə yol verilməyib və bundan sorna da verilməyəcək. Ölkəmizin Qoşulmama Hərəkatında təmsilçiliyinin özü buna sübutdur.
Üçüncüsü, CNN-də yer alan qondarma iddialar onu deməyə əsas verir ki, Azərbaycan-İran münasibətlərinin ənənəvi dostluq və qardaşlıq ruhunda davam etməsi hansısa qüvvələri narahat edir və onlar bu cür yalan iddialarla iki dost dövlət, dost xalq arasında münasibətləri süni şəkildə gərginləşdirməyə çalışırlar.
Və nəhayət, dördüncüsü, CNN-də həyata keçirilən yalan kampaniyası sübut edir ki, ölkəmizə qarşı uzun illərdir ki, aparılan qarayaxma kampaniyası bu gün də tam miqyası ilə davam edir. Bu isə hər bir azərbaycanlıdan ayıq-sayıq olmağı, dövlətimizin apardığı mübarizəyə dəstək verməyi tələb edir.
Kimliyindən, siyasi əqidəsindən, sosial statusundan, harada yaşamasından asılı olmayaraq, hər bir azərbaycanlı mediada, sosial platformalarda, yaşadığı çevrədə CNN-nin, eləcə də digər media qurumlarının ölkəmizlə bağlı yalanlarının ifşasında aktiv rol oynamalı, Azərbaycan həqiqətlərinin təbliği istiqamətində yorulmadan çalışmalıdır. Unutmamalıyıq ki, bu, hər birimizin vicdan borcu olmaqla yanaşı, həm də milli borcu - azərbaycançılıq borcudur.
Seymur ƏLİYEV