"Beynəlxalq araşdırma göstərir ki, İsrailin dünyadakı imici sürətlə pisləşir. Xüsusilə Qərb ölkələrində gənclər və solçu seçicilər arasında mənfi münasibət daha qabarıqdır..."


ABŞ-ın "Pew Research Center" mərkəzinin 36 ölkədə 44 mindən çox respondent arasında keçirdiyi genişmiqyaslı sorğu İsrailin beynəlxalq mövqeyinin zəiflədiyini göstərib. 






Moderator.az xəbər verir ki, bu barədə İsrailin "Vesty" nəşri yazıb.


İsrailə mənfi münasibət güclənir


Məlumatda deyilir ki, sorğu iştirakçılarının 67 faizi İsrailə mənfi münasibət bəslədiyini bildirib, yalnız 25 faizi ölkəyə müsbət yanaşıb. Araşdırma göstərir ki, mənfi münasibət artıq yalnız İsrailə düşmən ölkələrlə məhdudlaşmır. 


Son bir ildə müşahidə altında olan ölkələrin yarıdan çoxunda neqativ qiymətləndirmələrin payı artıb. Xüsusilə Cənubi Koreya, Almaniya, Argentina və Nigeriyada İsrailə qarşı münasibətin nəzərəçarpacaq dərəcədə pisləşdiyi qeydə alınıb.


Avropada vəziyyət daha da diqqət çəkir. İtaliya, Niderland və İspaniyada respondentlərin təxminən yarısı və ya daha çoxu İsrail haqqında "son dərəcə mənfi" fikirdə olduqlarını bildiriblər. ABŞ və Böyük Britaniya kimi ənənəvi müttəfiqlərdə də İsrailə mənfi baxanların sayı artmaqda davam edir.


Gənclər və solçular İsrailə daha tənqidi yanaşırlar


Sorğunun ən maraqlı nəticələrindən biri nəsillər arasındakı fərqlə bağlıdır. Bir çox ölkələrdə gənclər yaşlı nəsillə müqayisədə İsrailə daha mənfi münasibət göstərirlər. Məsələn, Macarıstanda 18-34 yaş qrupunda olanların 72 faizi İsrailə mənfi yanaşdığı halda, 50 yaşdan yuxarı şəxslər arasında bu göstərici 45 faizdir.


İdeoloji fərqlər də aydın görünür. ABŞ-da özünü liberal hesab edənlərin 83 faizi İsrailə mənfi münasibət bəsləyir. Mühafizəkarlar arasında isə bu göstərici 37 faizdir. Oxşar mənzərə Avstraliya, İspaniya, İsveç, İtaliya və digər Qərb ölkələrində də müşahidə olunur.


Tədqiqat müəlliflərinin fikrincə, İsrailə münasibət artıq bir çox ölkədə xarici siyasət məsələsindən daha çox ideoloji və siyasi kimlik məsələsinə çevrilib. Solçu seçicilər arasında tənqidi mövqe xüsusilə güclüdür.


Netanyahuya etimad daha da aşağıdır


Sorğu İsrailin baş naziri Benyamin Netanyahunun şəxsi reytinqinin ölkənin öz imicindən də pis vəziyyətdə olduğunu göstərib. Əksər ölkələrdə respondentlərin çoxu onun beynəlxalq məsələlərdə düzgün qərarlar verəcəyinə inanmadığını bildirib.


ABŞ-da sorğu iştirakçılarının 59 faizi Netanyahuya etibar etmədiyini deyib. Hətta amerikalı yəhudilər arasında da maraqlı mənzərə yaranıb: onların 64 faizi İsrailə müsbət münasibət bəsləsə də, 56 faizi Netanyahuya az etibar etdiyini və ya heç etibar etmədiyini bildirib.


Avropada isə vəziyyət daha ağırdır. İtaliyada respondentlərin 88 faizi Netanyahuya güvənmədiyini açıqlayıb. Fransa, Almaniya, Böyük Britaniya, İspaniya, İsveç və Niderlandda da etimadsızlıq səviyyəsi çox yüksəkdir.


Bununla belə, araşdırma müəyyən istisnaları da üzə çıxarıb. Keniya və Filippin sorğuda iştirak edən ölkələr arasında Netanyahuya etibar edənlərin çoxluq təşkil etdiyi yeganə dövlətlərdir. Ümumilikdə isə tədqiqat İsrailin beynəlxalq imicinin ciddi reputasiya böhranı ilə üzləşdiyini və xüsusilə gənc nəsillər arasında bu meyıin gücləndiyini göstərir.