"Alyans ölkələri Kiyevə dəstəyin daha ədalətli bölüşdürülməsi üçün yeni maliyyə mexanizmini müzakirə edir..."
NATO ölkələri Ukraynaya 70 milyard avro həcmində yeni hərbi yardım ayrılması imkanını nəzərdən keçirirlər.
Moderator.az xəbər verir ki, bu barədə "Politico" nəşri yazıb.
NATO-da yeni yardım planı hazırlanır
Nəşrin NATO-dakı dörd diplomat mənbəyə istinadən verdiyi məlumata görə, təşəbbüsün gələn ay Ankarada keçiriləcək alyans sammitində elan olunması planlaşdırılır. Məlumata əsasən, ötən ay Almaniya tərəfindən irəli sürülmüş təklif Ukraynaya ayrılan vəsaitlərin daha şəffaf şəkildə izlənməsini təmin edəcək yeni maliyyə mexanizmini nəzərdə tutur.
Bu təşəbbüs bəzi üzv ölkələrin Kiyevə dəstəyin maliyyə yükünü qeyri-mütənasib şəkildə daşıdıqları ilə bağlı narazılıqları fonunda ortaya çıxıb. NATO-nun yüksək vəzifəli diplomatlarından biri bildirib ki, əsas məqsəd Ukraynaya davamlı və daha ədalətli əsaslarla dəstəyin davam etdirilməsi barədə qəti öhdəlik əldə etməkdir.
Sammitin əsas mövzularından biri Ukrayna olacaq
Ukraynaya dəstək məsələsi iyulun 7-8-də keçiriləcək NATO liderlərinin sammitinin əsas mövzularından biri olacaq. Alyans rəsmisinin sözlərinə görə, maliyyə yükünün üzv dövlətlər arasında daha balanslı bölüşdürülməsi ilə bağlı müzakirələr davam edir.
Ukraynanın NATO-dakı səfiri Alyona Hetmançuk bildirib ki, yeni öhdəliklər ilk növbədə Kiyevin əsas ehtiyaclarına yönəlməlidir. Onun sözlərinə görə, hava hücumundan müdafiə sistemləri, pilotsuz aparat və raket istehsalına yatırımlar, eləcə də uzaqmənzilli sursatlar prioritet olaraq qalır.
Vəsait haradan formalaşdırılacaq?
Nəşr yazır ki, NATO müttəfiqləri alyansın baş katibi Mark Rüttenin ÜDM-in 0,25 faizinin Ukraynaya yardım üçün ayrılması təklifini dəstəkləmədikdən sonra Almaniyanın təşəbbüsünü müzakirə etməyə başlayıblar. Diplomatların sözlərinə görə, danışıqlar hələ ilkin mərhələdədir.
Ayın sonunda keçiriləcək NATO müdafiə nazirlərinin görüşü razılığın əldə olunmasına kömək edə bilər. Mənbələr bildirir ki, nəzərdə tutulan 70 milyard avronun 30 milyardı Avropa İttifaqının Ukrayna üçün təsdiqlədiyi 90 milyard avroluq ikiillik kredit proqramından, qalan 40 milyard avro isə ayrı-ayrı ölkələrin ikitərəfli öhdəlikləri hesabına formalaşdırılacaq.
"Ukrayna NATO-ya da dərs keçə bilər"
Ukrayna prezidenti Vladimir Zelenski bildirib ki, ölkəsi NATO üzvü olan dövlətlər istiqamətində uçan Rusiya dronlarını da vurmağa çalışır və lazım gəldikdə tərəfdaşlarını dərhal məlumatlandırır. ABŞ-ın Ukrayna üzrə keçmiş xüsusi nümayəndəsi Kurt Volker isə hesab edir ki, NATO artıq bəzi məsələlərdə Ukraynadan öyrənə bilər.
Onun fikrincə, Ukrayna müasir müharibənin aparılması sahəsində dünya liderlərindən birinə çevrilib və hazırladığı effektiv, nisbətən ucuz sistemlər Qərb ölkələri üçün də faydalı təcrübə yaradır. Buna görə də Ukraynanın Qərbin müdafiə sənayesinə daha sıx inteqrasiya olunması vacibdir.