Ermənistanda keçiriləcək parlament seçkiləri təkcə daxili siyasi balansın deyil, həm də Cənubi Qafqazda formalaşan yeni geosiyasi reallıqların istiqamətini müəyyən edən əsas mərhələlərdən biri kimi qiymətləndirilir. Paşinyan hökumətinin davam edib-etməyəcəyi fonunda Azərbaycanla normallaşma prosesi və sülh gündəliyinin gələcəyi yenidən gündəmə gəlir. Bu kontekstdə İrəvanın hansı siyasi xətti seçəcəyi regionda uzunmüddətli sabitlik perspektivlərinə birbaşa təsir göstərə bilər. Paralel olaraq Zəngəzur dəhlizi və kommunikasiya xətlərinin açılması ilə bağlı müzakirələr də daha praktik mərhələyə keçid ehtimalı ilə diqqət mərkəzindədir. Seçkinin nəticəsi yalnız Ermənistanın deyil, bütövlükdə regionda güc balansının yenidən formalaşmasına təsir edən faktor kimi qəbul olunur. Bu baxımdan post-seçki dövrü həm risklərin, həm də yeni diplomatik imkanların eyni anda formalaşdığı həssas mərhələ kimi görünür.
Maraqlıdır, Paşinyanın mümkün qələbəsi Ermənistanın Azərbaycanla münasibətlərində strateji dönüş nöqtəsi ola bilərmi, yoxsa İrəvan əvvəlki kimi sülh sazişi və Zəngəzur dəhlizi məsələsində vaxt uzatmaq siyasətini davam etdirəcək?
Mövzu ilə bağlı Moderator.az-a Milli Məclisin deputatı Nigar Məmmədova münasibət bildirib.
Deputat qeyd edib ki, Ermənistanda sabah keçiriləcək parlament seçkiləri bu ölkənin daxili siyasi gələcəyi ilə yanaşı, həm də regionun geosiyasi mənzərəsini müəyyənləşdirəcək:
"Ermənistan cəmiyyəti sülh və ya revanşizm arasında seçim edəcək. Seçki öncəsi sorğularda üstünlük Paşinyandadır və Baş nazir qalib gələcəyi təqdirdə Ermənistanın Azərbaycanla münasibətlərinin hansı istiqamətdə inkişaf edəcəyi regionun ən çox müzakirə olunan məsələlərindən biridir. Normallaşma prosesində tam və sürətli dönüşün baş verməsi seçkidən sonrakı siyasi iradədən və əldə olunmuş razılaşmaların praktiki icrasından asılıdır. Son illərdə Paşinyan hökuməti Azərbaycanla münasibətlərin normallaşdırılması, sərhədlərin delimitasiya və demarkasiyası, eləcə də sülh sazişinin imzalanması istiqamətində israrlı mövqe nümayiş etdirir. Bu xüsusda 2026-cı il seçkiləri müəyyən mənada Paşinyanın “sülh gündəliyinə” veriləcək qiymət kimi də dəyərləndirilir.
Seçkilərin nəticəsi Ermənistanın həm Azərbaycan və Türkiyə ilə münasibətlərinə, həm də Rusiya-Qərb balansına təsir göstərəcək. Lakin Paşinyanın mümkün qələbəsi bütün problemlərin dərhal həlli demək deyil. Ermənistan cəmiyyətində və siyasi dairələrində Azərbaycanla sülh prosesinə qarşı müqavimət göstərən qüvvələr, yəni revanşist qüvvələr hələ də mövcuddur. Xüsusilə konstitusiya dəyişiklikləri, regional kommunikasiyaların açılması daxili siyasi mübarizənin əsas mövzularıdır. Paşinyan parlamentdə kifayət qədər güclü çoxluq əldə etməsə, sülh prosesi ətrafında durğunluq qaçılmaz olacaq.
Nikol Paşinyanın seçkilərdə qələbəsi isə Ermənistan-Azərbaycan münasibətlərində strateji dönüş üçün yeni imkanlar yarada bilər. Lakin burada sülh pərdəsi altında manevrlərə imkan yoxdur. Çünki Azərbaycanın mövqeyi prinsipialdır, sülh sazişi və kommunikasiyaların açılması məsələlərində müəyyən ləngimələr və ya taktiki vaxt uzatmaları Ermənistanın təhkükəsizliyini sual altında qoyacaq. Hesab edirəm ki, Paşinyan da bu reallığı dərk edir".
Pərvin Şakirqızı