"Qərb sanksiyalarına baxmayaraq Kremlə yaxın elita vasitəçi şəbəkələr və üçüncü ölkələr üzərindən lüks biznes-jets istifadəsini davam etdirir..."
 




Rusiya prezidenti Vladimir Putinin yaxın ətrafı sanksiyalara baxmayaraq Qərb istehsalı bahalı şəxsi təyyarələrdən istifadə etməyə davam edir. 
 
Moderator.az xəbər verir ki, bu barədə "The Wall Street Journal" nəşri yazıb.
 
Sanksiyalara baxmayaraq lüks uçuşlar davam edir
 
Nəşr yazır ki, bu məqsədlə geniş vasitəçi şəbəkələri və üçüncü ölkələrdə qeydiyyat mexanizmləri qurulub. Araşdırmaya görə, Kremlə yaxın oliqarxlar və yüksək vəzifəli məmurlar "Bombardier" və "Gulfstream" tipli, dəyəri on milyonlarla dollar olan biznes-jetlərdən istifadə edirlər.
 
Formal olaraq bu təyyarələr üçüncü ölkələrdə qeydiyyata alınır və beləliklə sanksiya nəzarətindən yayınma imkanı yaranır. Məsələn, "Rostex" dövlət korporasiyasının rəhbəri Sergey Çemezov sanksiyalara baxmayaraq müntəzəm şəkildə Birləşmiş Ərəb Əmirlikləri, Türkiyə və Cənub-Şərqi Asiya ölkələrinə uçuşlar həyata keçirib.
 
Elita həyat tərzi dəyişməyib, yalnız marşrutlar dəyişib
 
Qərb sanksiyaları Rusiya elitasının Avropa istiqamətində ənənəvi istirahət və biznes marşrutlarını məhdudlaşdırsa da, həyat tərzi əsasən dəyişməyib. London, Fransa Rivyerası və İsveçrə kurortlarının yerini Dubay, Türkiyə, Azərbaycan və sanksiyalara qoşulmayan digər ölkələr alıb. Eyni sxemlərdən sanksiya altında olan Arakadi Rotenberq və İqor Kesayev kimi oliqarxların da istifadə etdiyi bildirilir.
 
Sanksiyalardan yayınma mexanizmi
 
2022-ci ildən əvvəl Rusiya milyardçıları əsasən Avropa aviasiya şirkətləri ilə işləyib. Müharibədən sonra bu müqavilələrin böyük hissəsi ləğv edilib və yeni "boşluq sistemi" formalaşıb. Sxem belə işləyir: vasitəçilər Qərb istehsalı təyyarələri alır, onları sanksiyalara qoşulmayan ölkələrdə (BƏƏ, Oman, Qazaxıstan, Cənubi Afrika və s.) qeydiyyatdan keçirir, daha sonra faktiki olaraq rus sahibkarların istifadəsinə verirlər.
 
Nəzarət boşluqları və Qərbin reaksiyası
 
Ekspertlər bildirirlər ki, bəzi Qərb şirkətləri və vasitəçilər "boz zonada" fəaliyyət göstərərək sanksiyalardan yayınma imkanlarını artırır. "Bombardier" şirkəti isə öz növbəsində sanksiya qaydalarına əməl etdiyini və məhsullarının Rusiyaya dolayısı yollarla getməsinin qarşısını almağa çalışdığını açıqlayıb.
 
ABŞ Maliyyə Nazirliyinin keçmiş rəsmisi Con Smit isə hesab edir ki, sanksiyaların zəif icrası Rusiyaya Qərb mallarının idxalını artırmağa imkan verib və bu proses daha ciddi nəzarət tələb edir. Araşdırma göstərir ki, Qərb sanksiyaları Rusiya elitasının həyat tərzini tam dəyişdirməyib. Əksinə, yeni vasitəçilik mexanizmləri və üçüncü ölkələr üzərindən qurulan sistemlər sayəsində Kremlə yaxın dairələr lüks aviasiyadan istifadəni davam etdirirlər.