"Yaşadıqlarını "həyatını dəyişən təcrübə" adlandıran gənc həmin günlərlə bağlı qeyri-adi xatirələrini bölüşüb..."


18 gün komada qaldıqdan sonra ayılan Qeyb Puaro adlı bir kişi həmin müddətdə yaşadıqlarının həyatını tamamilə dəyişdirdiyini iddia edir.






Moderator.az xəbər verir ki, bu barədə "Daily Mail" nəşri yazıb.


Hər şey bir qəza ilə başlayıb


Qeyb Puaronun sözlərinə görə, şüursuz vəziyyətdə olarkən öz bədənini tərk edib, İsa ilə görüşüb və insanlara çatdırmalı olduğu bir mesajla geri qayıdıb. Hadisə 25 yaşlı Qeyb Puaronun elektrik skeytbordunda hərəkət edərkən baş verib. Təxminən saatda 50 kilometr sürətlə gedən gənc qoruyucu dəbilqə olmadan asfalta yıxılıb və ağır kəllə-beyin travması alıb.


Həkimlər onu təcili xəstəxanaya çatdırsalar da, ilkin proqnozlar son dərəcə ağır olub. Yaxınlarına bildirilib ki, hətta sağ qalacağı təqdirdə belə, aldığı zədələrin nəticələri geriyədönməz ola bilər.




Əvvəlcə bir neçə gün huşsuz vəziyyətdə qalan Puaronu daha sonra həyatını xilas etmək məqsədilə süni komaya salıblar.


Komada olarkən nə gördüyünü danışıb


Puaronun sözlərinə görə, həmin dövrdə baş verənləri sanki kənardan müşahidə edib və dostlarından birinin onun bədəni üzərində dua etdiyini görüb.

Daha sonra isə özünü yuxarı qalxırmış kimi hiss etdiyini deyir. Onun iddiasına görə, sonra parlaq işıq axınına çəkilib və mənəvi bir məkan boyunca səyahət edib. Bu səyahət onu özünün "üçüncü səma" adlandırdığı yerə aparıb.


"İsa ilə görüş"


Puaronun sözlərinə görə, yaşadığı təcrübənin ən təsirli anı İsa ilə qarşılaşması olub. O iddia edir ki, həmin görüş zamanı insanlara belə bir sual ünvanlanıb: "Əvəzi artıq ödənilmiş şeylərə görə niyə hələ də narahat olursunuz?" Puaro həmçinin çarmıxa çəkilmənin izlərini gördüyünü və İsanın görünüşünü aydın şəkildə xatırladığını deyib.


Onun təsvirinə görə, İsa daha tünd dəri çalarına malik, Yaxın Şərq mənşəli bir insanı xatırladıb. Gənc bildirib ki, bu təcrübə onun həyata və inanca baxışını kökündən dəyişib. "Mən lütfün mənasını və çarmıxın əhəmiyyətini dərk etdim", - deyə o bildirib. Puaronun sözlərinə görə, İsa ona insanlara kim olduğunu anlatmağı və geri dönəcəyi barədə xəbərdarlıq etməyi tapşırıb.


Gözlənilməz ayılma


Puaro komada olduğu müddətdə həkimlər onun həyatı uğrunda mübarizəni davam etdiriblər. Hətta onun danışıq qabiliyyətinə təsir göstərə biləcək traxeotomiya əməliyyatına hazırlıq görülüb. Yaxınları və dostları isə fasiləsiz dua edib. Puaro iddia edir ki, bədəninə qayıtmazdan əvvəl bütün bunları kənardan izləyib.

Komada keçirdiyi 18 gündən sonra o, gözlənilmədən ayılıb.


Onun sözlərinə görə, bərpa prosesi həkimlərin gözlədiyindən xeyli sürətli gedib. Qısa müddət sonra danışmağa və yaxınlarını tanımağa başlayıb. "Bir gün sonra yaddaşım tədricən geri qayıtmağa başladı və ailəmi yenidən tanıdım", - deyə o bildirib.




Puaro həmçinin həkimlərin onun vəziyyətinə təəccübləndiyini və sağalma prosesini qeyri-adi adlandırdıqlarını söyləyib.


Bəzi insanların bu cür hekayələrə skeptik yanaşmasına baxmayaraq, Puaro yaşadıqlarının tamamilə real olduğunu israrla vurğulayır. Onun sözlərinə görə, həmin təcrübə ilə bağlı xatirələr illər keçsə də, hələ də olduqca canlı şəkildə yaddaşında qalır.