“Bir neçə gündür ki, 85 illik yubileyimi qeyd edirlər. Sonuncu dəfə Dövlət Film Fondunda qeyd olundu. Çox çətinliklə də olsa təşkil olunan yubiley gecələrinə gedirəm. Gəzəndə qoluma girirlər deyə səhhətimin yaxşı olmaması bir o qədər də bilinmir. Heç vaxt ağlıma gəlməzdi ki, 85 il yaşayacam. Buna inamım yox idi. Mənə təəccüblü gəlirdi”.
Bunu Moderator.az-a açıqlamasında Xalq artisti, tanınmış diktor Ofeliya Sənani deyib.
O daha sonra əlavə edib:
“Özümlə bağlı arzum yoxdur. Amma gərək Valid yaşayardı. Yoldaşımın tezləşən ölümü mənə ağır gəlir. O məndən də qovraq və həyatsevər idi. O vaxt mənim qızım ağır xəstələnmişdi. Valid dedi ki, “mən daha dözmərəm”. Dedim ki, ay Valid, xəstələnibsə sağalıb ayağa da qalxacaq da. Mən anayam, sən niyə əziyyət çəkirsən?! Dedi ki, “yox, dözmərəm”. Ürəyinə o qədər saldı ki, heç qızımın sağalmağını da görmədi. Gecə yatdı, səhər durmadı. Valid 76 yaşında vəfat etdi. Bu gün mənim üzüm gülür, bilirəm ki, Validin də ruhu şaddır. Mənim evdə üzüm gülməyəndə o çalışırdı ki, məni güldürsün. Gülməli lətifələr danışırdı, başımı qatırdı. Mənə çox dayaq idi. Validi itirməklə dayağımı itirdim”.
Ofeliya Sənani vəsiyyətindən də danışıb:
“Övladlarıma hər zaman vəsiyyət edirəm. Oğluma tapşırmışam ki, sabah mən olmayanda bacından muğayat ol. Ona ata, ana, qardaş ol. Deyirəm ki, məndən sonra sən ondan nigaran qalmalısan. Bir də vəsiyyət etmişəm ki, məni Fəxri Xiyabanda yox, Validin yanında dəfn etsinlər. Validi Novxanı kənd qəbirstanlığında dəfn etmişik”.
Ofeliya Sənani aparıcılara tövsiyyələr də verib:
“Gənc aparıcılar işlərini sevsələr əlbəttə ki, tamaşaçıların rəğbətini qazana bilərlər. Biz heç vaxt maddiyatı düşünməmişik. İşimizi o qədər gözəl, faydalı aparmışıq ki, xalq özü bizdən tələb edib ki, işdə-gücdə olaq. İnsanlar televiziyaya məktub yazırdılar ki, filan verilişi də Ofeliya xanım aparsın. Bu barədə mən çox xoşbəxtəm”.