“Bütün gözəl xanımlar məni sevib, Mətanət deyirdi ki, “kaş Tariyel kimi ərim olardı” - FOTO+ÖZƏL
07 Jun 2026, 10:24 9 baxış 2 dəq oxuma
“Xuraman Qasımova ilə çox yaxın dost olmuşuq. İlk filmimə də onunla birlikdə çəkilmişəm. Söhbət “Liftçi qız” filmində gedir. Dünən 75 yaşı tamam oldu. Mən ona can sağlığı, uzun ömür və xoşbəxtlik arzulayıram. Onsuz da xoşbəxtdir. Çünki bu qədər insan onu sevir. Biz “Liftçi qız” filmində çəkiləndə bilmirdik ki, belə taley bizi gözləyir. O öz sahəsində, mən də öz sahəmdə tanınmış şəxslər olduq. Hazırda əlaqə saxlamırıq. Görüşməyə imkanımız da yoxdur. Hansısa bir layihə də yoxdur ki, ikimizi üz-üzə gətirsinlər. Mən çağırılan yerə gedirəm. Sağ olsunlar ki, dəvət edirlər, qoymurlar ki, yaddan çıxım”.
Bunu Moderator.az-a açıqlamasında Xalq artisti Tariyel Qasımov deyib.
O daha sonra xanım sənətçilərlə tərəf müqabili olduğu illəri xatırlayıb:
“Azərbaycan səhnəsindəki bütün gözəl xanım sənətkarlarla tərəf müqabili olmuşam. Xuraman Qasımova, Xuraman Hacıyeva, Səfurə İbrahimova və s. Mətanət İsgəndərli də həmişə deyirdi ki, “kaş Tariyel Qasımov məni sevərdi”. Mən onları, onlar da məni çox istəyiblər. Yalandan deyə bilmərəm ki, istedadımı seviblər. Onlar məni yaraşıqlı olduğuma görə çox istəyiblər. Ən yaxşısını siz edin, onların özlərindən soruşa bilərsiz ki, onun nəyini istəmisiz? Özləri sizə cavab verərlər (gülür)”.