Vaşinqton və Tehran arasında danışıqlar dalana dirənib, Livan məsələsi isə mümkün razılaşmanın əsas maneəsinə çevrilib...




 
ABŞ ilə İran arasında müharibənin dayandırılması və yeni razılaşmanın əldə olunması üzrə danışıqlar artıq həftələrdir davam edir.
 
Moderator.az xəbər verir ki, bu barədə "israelinfo.co" nəşri yazıb.
 
Danışıqlar var, nəticə yoxdur
 
Nəşr yazır ki, bu müddətdə ABŞ prezidenti Donald Tramp dəfələrlə bəyan edib ki, saziş və ya ən azı qarşılıqlı anlaşma memorandumu imzalanmaq üzrədir. Lakin hələ də konkret nəticə yoxdur və iyunun əvvəlində vəziyyət yenidən genişmiqyaslı hərbi qarşıdurma həddinə yaxınlaşıb.
 
Tehran bildirir ki, təqdim olunan layihələri araşdırır, lakin ciddi irəliləyiş müşahidə olunmur. Son günlər İran rəsmiləri açıq şəkildə Tramp administrasiyasını danışıqları çıxılmaz vəziyyətə salmaqda ittiham etməyə başlayıblar. Ən mürəkkəb məsələlərdən biri isə Livan mövzusu olaraq qalır.
 
Livan danışıqların mərkəzinə çevrilib
 
Mətbuata sızan layihələrə əsasən, tərəflər əvvəlcə bütün cəbhələrdə atəşkəsin təmin edilməsini, yalnız bundan sonra isə nüvə proqramı üzrə yeni danışıqların başlanmasını nəzərdən keçirirlər. Bu yanaşma faktiki olaraq İsrailin həm Qəzzada, həm də Livanda hərbi əməliyyatları dayandırmasını tələb edir. 
 
Eyni zamanda əvvəlki sənədlərdə yer alan İranın bəzi güzəştləri, o cümlədən uranın zənginləşdirilməsinin məhdudlaşdırılması ilə bağlı müddəalar yeni layihələrdə artıq görünmür. Məqalə müəllifinin fikrincə, ABŞ-ın təzyiq siyasəti gözlənilən nəticəni vermir. Əksinə, Vaşinqtonun təzyiqi artdıqca Tehran daha sərt mövqe tutur və Trampın ölkə daxilindəki siyasi problemlərini nəzərə alaraq geri çəkilməyə tələsmir.
 
Netanyahu amili və yeni gərginlik
 
İyunun əvvəlində İsrailin baş naziri Benyamin Netanyahu və müdafiə naziri Livanda yenidən zərbələr endirilə biləcəyi barədə xəbərdarlıq etdilər. Bundan sonra İran danışıqları müvəqqəti dayandırdı və bəyan etdi ki, Livanda atəşkəs pozularsa, ümumi razılaşmadan danışmaq mümkün deyil.
 
İran xarici işlər naziri Abbas Araqçı vurğulayıb ki, ABŞ və İran arasında əldə edilmiş istənilən atəşkəs bütün istiqamətlərə, o cümlədən Livana da şamil olunmalıdır. Bu fonda ABŞ və İsrail arasında da fikir ayrılıqları barədə məlumatlar yayılıb.
 
Bir sıra media orqanlarının iddiasına görə, Tramp və Netanyahu arasında keçirilən telefon danışığı son illərin ən gərgin təmaslarından biri olub. Məqalədə qeyd edilir ki, Vaşinqton Livandakı əməliyyatların İranla danışıqları təhlükə altına saldığını düşünür.
 
Razılaşma niyə alınmır?
 
Məqaləyə görə, danışıqların qarşısında üç əsas maneə dayanır. Birincisi, Tehran xarici banklarda dondurulmuş milyardlarla dollar vəsaitin bir hissəsinin qaytarılmasını etimadın əsas göstəricisi hesab edir. ABŞ isə bu məsələdə güzəştə getməyə hazır görünmür.
 
İkincisi, Livan məsələsi ümumi paketə daxil edilib və İran bu mövzuda təminat almadan sazişə razılıq vermək istəmir. Üçüncüsü isə İranın nüvə proqramı ətrafındakı mübahisələrdir. Vaşinqton bu problemin aktuallığını azaltmağa çalışsa da, Tehran və İsrail üçün məsələ hələ də strateji əhəmiyyət daşıyır.
 
Nəticədə tərəflər sazişə yaxın olduqlarını iddia etsələr də, proses yerində sayır. Tramp yenə razılaşmanın yaxın olduğunu bildirir, lakin hadisələrin gedişi göstərir ki, ABŞ, İran, İsrail və Livanın maraqlarını eyni sənəddə uzlaşdırmaq hələlik mümkün görünmür.