2026-cı il iyunun 5-də CNN transmilli media şirkətinin “İsrail İran müharibəsi zamanı region üzrə gizli şəbəkənin bir hissəsi olaraq Azərbaycana qoşun göndərdi" başlıqlı məqalə ölkəmizdə ciddi etiraza səbəb olub. Tamamilə böhtandan ibarət olan, heç bir fakta söykəməyən məqalənin CNN kimi məşhur bir media qurumu vasitəsilə yayımlanması böyük təəssüf hissi doğurmaqla yanaşı, həm də anti-Azərbaycan qüvvələrinin məkirli niyyətlərindən xəbər verir. Baş verənlər onu söyləməyə əsas verir ki, 44 günlük Vətən müharibəsindən sonra ölkəmizə qarşı informasiya müstəvisində artan təzyiqlər bu gün də davam etməkdə, bir qədər də intensivləşməkdədir. Azərbaycanın Vətən müharibəsindəki tarixi zəfərini heç cür həzm edə bilməyən, Cənubi Qafqazda yeni bir gərginlik yaratmağa çalışan qüvvələr, saxta xəbərlər, yanlış informasiyalarla Azərbaycanla dost ölkələr arasındakı münasibətləri gərginləşdirməyə çalışırlar. Bu məqsədlə onlar heç bir fakta söykənməyən qondarma məlumatlar tirajlayır, böhtan və yalandan ibarət materiallar tirajlayırlar.
CNN ölkəmizə yönəlik təxribatı Azərbaycanın qlobal media platformasında aktivliyini artırmasının son dərəcə vacibliyini göstərir. Bu fakt sübut edir ki, ölkəmiz, xüsusilə də media nümayəndələrimiz beynəlxalq media qurumları ilə təmaslarını genişləndirməli, internet resurslarında, çap mediasında Azərbaycan həqiqətlərinin təbliğinə daha çox diqqət yetirməlidir. Çünki anti-Azərbaycan qüvvələrinin informasiya müstəvisində, media sahəsindəki aktivliyi həmin qüvvələrə adekvat miqyasda cavab verilməsini zəruri edir.
Eyni zamanda, xaricdə yaşayan soydaşlarımız da bu məsələdə xüsusi aktivlik sərgiləməli, yaşadıqları cəmiyyətdə Azərbaycan həqiqətlərinin təbliği üçün əllərindəki bütün imkan və resursdan istifadə etməlidirlər. Azərbaycan və azərbaycançılıq ideyası dünyanın harasında yaşamasından asılı olmayaraq, hər bir azərbaycanlı üçün birləşdirici meyar olmalıdır. Ümummilli Lider Heydər Əliyevin dediyi kimi, “Bizim hamımızın bir vətəni var, bu, Azərbaycan dövlətidir”.
Seymur ƏLİYEV