Sosial şəbəkədə yayılan görüntülər insanları əməlli-başlı çaş-baş salıb. Belə ki, gənc oğlanın xınayaxdı mərasimini aparması və gəlinlə-bəyə xeyir-dua verməsi gündəm olub. Əksər izləyicilər bunun heç bir adət ən-ənəyə uyğun olmadığını əsas gətirərək həmin gənci tənqid edib. Araşdırmamız nəticəsində həmin gəncin bölgələrimizdən birində yaşayan Əli Heydərli olduğu ortaya çıxdı.
 




Moderator.az-a açıqlama verən gənc 2 ildir ki, toylarda aparıcılıq etdiyini bildirib:

“Mənim işim aparıcılıqdır. İki ilə yaxındır ki, nəinki aparıcılıq, həm də təşkilatçı kimi çalışıram. Tək xına məclisləri deyil, həm də toy, nişan, ad günü məclislərini təşkil edirəm. Bu mənim işimdir. Xınayaxdı mərasimindən çəkilən videomun bu qədər gündəm olacağını düşünmürdüm. Həmin videoya təhqir və tənqidlərin yazılacağını heç ağlıma da gətirməzdim. Bugünki gündə hansı məşhur müğənniyə tənqid yaxud da təhqir yazmırlar ki? Hamısına yazırlar. Mən el məclislərindən dəvət alıram. Seçim edirəm. Yalnız xanımlardan ibarət olan xına məclislərinə getmirəm. Ev yiyəsindən soruşuram və dəqiqləşdirirəm ki, orada bəylərdə olacaqsa, iştirak edirəm. Adətən toyiçi xınalara gedirəm. Xına məclislərini adətən xanımlar aparır. Niyə bəy olmasın?! Ginekoloq, vizajist, dırnaq ustası, saç və makiyaj ustası bəy ola bilər, xına aparıcısı bəy ola bilməz? Mən düşünürəm ki, ola bilər. Məni xınaya da, ad gününə də, toya da dəvət edirlər. Hər kəs öz çörəyinin arxasınca gedir. Hansı məclisə dəvə alıramsa o məclisin məsuliyyətini öz üzərimə götürürəm və öz adıma layiq aparıram. Mən xalqıma, kimliyimə və milli adət ən-ənəmə bağlı biriyəm. Adət-ənənəmizi yaşadıram, pis bir şey etmirəm. Yüksək səviyyədə də idarə edirəm. Onu da vurğulayım ki, mən hemofiliya xəstəsiyəm. Dövlət tərəfindən qeydə alınmış xəstələrdən biriyəm. Hazırkı bu vəziyyət mənim səhhətimə də təsirini göstərə bilər. İstəmirəm ki, şərəf və ləyaqətimi alçaldan təhqirlərlə gündəmdə qalım”.

Qeyd edək ki, Azərbaycan adət-ənənələrinə görə, gəlinin əlinə xınanı "başıbütöv" (xoşbəxt ailə həyatı olan, yoldaşı sağ-salamat yanında olan və boşanmamış) qadınlar yaxmalıdır. Folklorumuzda xınanı bəyin yaxması və aparması ilə bağlı nümunələrə rast gəlinmir.