"Putin getdikcə daha qəribə davranır, bu isə qorxu yaradır" - "The Independent"
08 Jun 2026, 14:07 7 baxış 3 dəq oxuma
"Ukraynadakı dalana dirənən müharibə Kremlin davranışını daha təhlükəli və gözlənilməz edə bilər..."
Rusiya prezidenti Vladimir Putin son çıxışlarında ölkəsinin Ukraynada uğur qazandığını, iqtisadiyyatın isə inkişaf etdiyini bəyan edib. Lakin bu açıqlamalar cəbhədə və iqtisadi sahədə müşahidə olunan reallıqlarla tam üst-üstə düşmür.
Moderator.az xəbər verir ki, bu barədə "The Independent" nəşri yazıb.
Putin daha gözlənilməz olur
Nəşrin fikrincə, Putin son illərdə daha gözlənilməz davranmağa başlayıb və bu, onu daha təhlükəli edir. ABŞ prezidentlərinin Rusiya üzrə keçmiş müşaviri Fiona Hill bildirib ki, Rusiya lideri "daha qəribə" görünür, lakin onu zəif hesab etmək səhv olardı.
Məqalədə qeyd olunur ki, Ukraynada irəliləyişin məhdud olması Kremlin yeni təzyiq vasitələri axtarmasına səbəb olur. Rusiya mediası getdikcə daha çox Avropanı müharibənin əsas iştirakçılarından biri kimi təqdim edir.
Münaqişənin genişlənməsi riski
"The Independent" hesab edir ki, bu cür ritorika gələcəkdə müxtəlif təxribatlar üçün zəmin yarada bilər. Nəşr Rusiyanın münaqişəni Belarus istiqamətində və ya Baltik regionuna yaxın ərazilərdə genişləndirməyə cəhd göstərə biləcəyi barədə narahatlıqlardan bəhs edir.
Məqalədə həmçinin nüvə enerji obyektləri ətrafında baş verə biləcək mümkün insidentlərin təhlükəsindən danışılır. Müəlliflər hesab edirlər ki, regionda gərginliyin artması gözlənilməz ssenarilər ehtimalını da yüksəldir.
Kreml çıxılmaz vəziyyətdədir
Nəşr yazır ki, Putinin ətrafındakı məsləhətçilər dairəsi getdikcə daralır və yaşlanır. Eyni zamanda, onların nə müharibədə qələbə, nə atəşkəs, nə də siyasi razılaşma üçün inandırıcı plan təqdim edə bildiyi görünür. Oksforddan ümumdünya tarixi professoru Peter Frankopan hesab edir ki, Putindən sonrakı dövrdə Rusiyada ciddi idarəetmə problemləri yarana bilər.
Məqalə müəllifi Robert Foks isə vurğulayır ki, ən böyük narahatlıq müharibənin davam etməsi və hər iki tərəfdə insan itkilərinin artmasıdır. Onun fikrincə, Qərbdə Putinin həm fiziki, həm də psixoloji vəziyyəti ilə bağlı sualların çoxalmasının səbəblərindən biri də budur.