“Qüsurlarınızı aradan qaldırıb-aparmamağınızın tamamilə sizdən asılı olduğunu anlayın...”
“Sosial dairənizi dəyişdirin - çox vaxt pis vərdişlər pis dostluğun təsiri altında inkişaf edir...”
“ “Bunu edəcəyəm, amma sabah" adlı çox yaxşı bir texnika da var...”
"Mütəmadi olaraq idmanla məşğul olmağı və açıq havada gəzməyi vərdiş halına gətirin..."
"Hər dəfə asılılığı aradan qaldırdığınız və ya pis davranışı tərgitdiyinizə görə özünüzə mükafat düşünün..."
Moderator.az aktuallığını nəzərə alaraq “İslam-Today” nəşrində təqdim edilmiş “Pis vərdişlərdən əbədi qurtulmaq olar!..- 15 dəyərli məsləhət” başlıqlı materialın tərcüməsini dəyərli oxucuların nəzərinə çatdırır:
“Gəlin özümüz-özümüzə düzünü etiraf edək, bir çoxumuzun həyatımızda və ya xarakterimizdə utandığımız və tərgitmək istədiyimiz müəyyən vərdişlərimiz var. Bəzilərimiz saatlarla televizora baxırıq və ya sosial mediada vaxtımızı öldürürük, digərləri arıqlamaq və sağlamlıqlarını yaxşılaşdırmaq üçün heç cür pəhriz saxlaya bilmir, başqa biriləri həddindən artıq həssas, bəziləri isə əsəbidir...
Bir çox insan - hətta müsəlmanlar da - siqareti və ya spirtli içki qəbulunu tərgitməkdə çətinlik çəkir. Bəs bu çətin işə necə başlamalıyıq? Aşağıda bəzi insanların zərərli asılılıqlardan və vərdişlərdən azad olmasına kömək edə biləcək bəzi məsləhətlər verilib. Diqqətli olun - pis vərdişlərdən (burun qurdalamaq, gileylənmək və ya dedi-qodu, qeybət etmək) tərgitmək bir günün və ya hətta bir ayın məsələsi deyil.
Psixoloqlar hesab edirlər ki, orta hesabla bir insanın köhnə bir vərdişi yeni və faydalı bir şeylə əvəz etməsi təxminən üç ay çəkir. Buna görə də ilk bir neçə gün asan olmayacaq. Səbirli və israrlı olun:
1.Bir qüsuru aradan qaldırmağa çalışan hər kəsin etməli olduğu ilk şey, onun bir çatışmazlığı və ya pis bir vərdişinin olduğunu qəbul etməkdir.
"Televizor qarşısında çox vaxt keçirirəm", "Arıqlamaq üçün nəhayət şirniyyat və un bişintisi yeməyi dayandırmalıyam", "Hər xırda şeyə görə ailə üzvlərimə irad tuturam - bu, səhvdir". Əgər probleminizin olduğunu etiraf etməsəniz, onu həll etməyə başlamayacaqsınız...
2.Qüsurlarınızı aradan qaldırıb-aparmamağınızın tamamilə sizdən asılı olduğunu anlayın.
Artıq sizə "Ay, vay, heç vaxt uğur qazana bilməyəcəksiniz" deyən "daxili tənqidçinizə" qulaq asmayın. Həqiqətən istəsəniz, bunu edə bilərsiniz.
3.Unutmayın ki, Allah səhvlərini etiraf edənləri və təkmilləşməyə çalışanları sevir.
Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) buyurur: "Canım əlində olana and olsun ki, günah işləməsəydiniz, Allah sizi məhv edər və səhv edəndən sonra tövbə edənləri sizinlə əvəz edərdi" (Müslim).
4. Qarşınıza məqsəd qoyun və aydın bir fəaliyyət planı yaradın. Bir deyim var: "Plan qura bilməsəniz, uğursuzluğu planlaşdıracaqsınız".
Xarakter və vərdişlərin dəyişdirilməsi prosesi ardıcıl hərəkət tələb edir ki, bu da planlaşdırmanı əhatə edir. Özünüzü inkişaf etdirmək üçün nə etməli olduğunuza inandığınız konkret hərəkətlər hazırlayın və problemin həlli üçün bir müddət təyin edin. Unutmayın ki, "Allah az olsa belə, ən ardıcıl olaraq edilən əməlləri sevir" (Buxari və Müslim tərəfindən rəvayət edilmişdir). Tədricən, addım-addım irəliləyin; dərhal nəticələrə dalmayın, eyni zamanda qazandığınız uğurlara da arxayın olmayın...
5.Pis vərdişlərin öhdəsindən gəlmək cəhdiini, sadəcə problemi həyatınızdan aradan qaldırmağa (ruhunuzda boşluq qoymağa) çalışmasanız, onu faydalı və sağlam bir şeylə əvəz etsəniz, daha uğurlu olacaq.
Unutmayın: çox vaxt pis vərdişlər müsbət emosiyaların və təcrübələrin olmamasından yaranır. Məsələn, sadəcə televizora baxmağı dayandırmayın, onu faydalı kitablar oxumaqla və ya idmanla əvəz edin. Başqalarının sosial media profillərini və xəbər lentinizi nəzərdən keçirmək əvəzinə, faydalı bir məqalə oxuyun və ya bir İslam aliminin mühazirəsini dinləyin. Əlavə ibadətlər etmək vərdişini inkişaf etdirin - daha çox Quran oxuyun, zikr və dua edin və din qardaşlarınızla ünsiyyət qurun...
Məhəmməd Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) bu prinsipi aşağıdakı məsləhətlə izah etmişdir: "Harada olursunuzsa olun, Allahdan qorxun, pis əməli günahın nəticələrini aradan qaldıracaq yaxşı əməllə əvəz edin və insanlara qarşı mehriban olun" (Tirmizi).
6. "Tətikləyicilərdən" - sizi pis vərdişə qayıtmağa təhrik edə biləcək hər hansı bir hərəkətdən çəkinin.
Məsələn, supermarketlərdə impulsiv alış-verişə və həddindən artıq xərcləməyə meyillisinizsə, tək getməyin; yalnız sizi dayandıracaq dostlarınız və ailənizlə gedin. Bu cür şeylərə qarşı bir müdafiə hazırlayın - səhv bir şey etmək istəyi hiss etsəniz, nə edəcəksiniz? "Əgər tort istəsəm, əvəzinə alma və ya yerkökü yeyərəm..."
7. Sosial dairənizi dəyişdirin - çox vaxt pis vərdişlər pis dostluğun təsiri altında inkişaf edir.
Əgər bu sizin üçün doğrudursa, köhnə dostlardan - işdə nahar fasiləsində sizi siqaret çəkməyə dəvət edənlərdən və ya "bir stəkan və ya bir qədəh spirtli içki sizə heç bir zərər verməyəcəyinə, ona görə də özünüzə bu qədər sərt davranma" deyənlərdən özünüzü uzaqlaşdırın. Belə dostlarla ünsiyyətinizi minimuma endirməyə çalışın (əgər onlarsız keçinmək mümkün deyilsə).
Peyğəmbərimiz (ona Allahın salavatı və salamı olsun) pis dostların təsirini belə izah etmişdir:
"Yaxşı dost və pis dost ətriyyatçı və dəmirçi kimidir. Ətirçi sizə ətir verə bilər, ya da ondan ala bilərsiniz, ya da heç olmasa onun yanında xoş bir ətir hiss edəcəksiniz. Dəmirçiyə gəldikdə isə, onun yanında paltarlarınızı ləkələyəcək və ya udacaqsınız, sobalarının tüstüsünü çəkəcəksiniz" (Səhih Buxari və Müslim).
Əksinə, özünüzü inkişaf etdirmək üçün səy göstərəcək dindar və saleh dostlar qazanmağa çalışın...
8. Mütəmadi olaraq idmanla məşğul olmağı və açıq havada gəzməyi vərdiş halına gətirin.
Arıqlamaq istəyənlər üçün faydaları göz qabağındadır. Bununla yanaşı, idman bir çox digər pis vərdişlər üçün faydalıdır. Məsələn, müntəzəm olaraq qaçmağa başlayan siqaret çəkənlərin təxminən 80%-i siqareti tərgitməyi bacarıb. Əgər əsəbi və ya asanlıqla inciyirsinizsə, idman etmək və təmiz havada gəzmək də artıq gərginliyi aradan qaldırmağa və əhvalınızı yaxşılaşdırmağa kömək edə bilər...
9. Özünüzü mükafatlandırın:
Hər dəfə asılılığı aradan qaldırdığınız və ya pis davranışı tərgitdiyinizə görə özünüzə mükafat düşünün. Psixoloqlar deyirlər ki, mükafatlandırılmış bir hərəkət zehninizdə kök salır və təkrar tələb edir. Məsələn, hər iki həftədən bir özünüzə xoş bir hədiyyə verin: "Əgər sevdiyim paltara sığacaq qədər arıqlaya bilsəm, özümə yeni bir baş örtüyü alacağam - uzun müddətdir xəyal etdiyim bir örtük." Müsəlmanlar olaraq, son mükafatımızın Allahın razılığı və Axirətdəki mükafatı olduğunu da unutmamalıyıq...
10. Pis vərdişlərinizi məhdudlaşdırın:
Əgər həqiqətən pis bir vərdişi tərgitməyə çalışırsınızsa, onu müəyyən bir zaman və məkanla məhdudlaşdırmağa çalışın. Məsələn, özünüzə deyin: "Gündə üç siqaretdən çox çəkməyəcəyəm." Bir müddət sonra siqareti tamamilə tərgidənə qədər bu miqdarı azaltmağa çalışın.
11. Səhv etmək və yıxılmaq insan təbiətidir...
Əgər özünüzü itirib yenidən bu vərdişə qayıtsanız, təslim olmayın və özünüzü çox günahlandırmayın. Əksinə, uğursuzluqlara hazır olun; onlar qaçılmazdır. Lakin hər gün özünüz üzərində işləsəniz, daha yaxşı olacaqsınız. Əgər səhv edib pəhrizinizi tərk etsəniz və ya nəzarəti itirib siqaret çəkməyə başlasanız, hər şeyin itirildiyini düşünməyin. Qazandığınız bütün bacarıqlar hələ də beyninizdə kök salıb, ona görə də qalxıb səylərinizi davam etdirməlisiniz...
12. "Bunu edəcəyəm, amma sabah" adlı çox yaxşı bir texnika da var...
Əgər həqiqətən rejiminizi pozmaq istəyirsinizsə, özünüzə deyin: "Bunu edəcəyəm, amma indi yox, sabah". Bu ifadəni ertəsi gün özünüzə təkrarlayın. Bir neçə gündən sonra təkrarlanma istəyi bugünkü qədər güclü olmayacaq. Üstəlik, daimi təxirəsalma bir neçə ay davam edə bilər ki, bu da yeni sağlam bir vərdiş inkişaf etdirməyiniz üçün kifayətdir...
13. Təkrarlanma strategiyası hazırlayın - tərgitməyə çalışdığınız vərdişə qayıtmaqdan başqa necə özünüzü qoruya bilərsiniz?..
Bəzi insanlar hər dəfə səhv edib çatışmazlıqlarına və ya pis vərdişlərinə qayıtdıqda xeyriyyə təşkilatlarına və yoxsullara pul bağışlayırlar. Bu onlara köhnə pis vərdişlərinə qayıtmağın "dəyərini" xatırladır...
14. Özünüzə ölümü və Axirət həyatını xatırladın.
İndi sizi sınağa çəkən şeylər ölərkən və bütün həyatınız üçün Allah qarşısında hesabat verməli olduğunuz zaman həqiqətən bu qədər vacib olacaqmı? Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) bir dəfə demişdir: "Bütün ləzzətləri məhv edəni [yəni ölümü] tez-tez xatırlayın" (ət-Tirmizi).
15. Allahdan kömək və yardım diləyin.
Və əhəmiyyətinə görə yox, sayına görə sonuncu məqam. Daim Uca Allahdan kömək diləmək ümumi dəyişiklik prosesinin ayrılmaz hissəsinə çevrilməlidir. Səmimi dua edin və unutmayın ki, Allah həqiqətən bizə kömək etməyə hazırdır - əgər özümüz Ona gedən yolda ilk addımı atsaq...
"Kim Allahdan qorxarsa, Allah ona bir çıxış yolu göstərər və gözləmədiyi yerdən ona ruzi verər. Kim Allaha təvəkkül edərsə, O, ona kifayət edər" (Quran 65:2-3). Allah hamımıza kömək etsin! Amin...
Müəllif:
Müslimə (Anna) Kabulova.”
Tərcümə və təqdim etdi:
Sultan Laçın