"ABŞ təsir imkanlarının həddi: Vaşinqtonun üç, İranın isə bir seçimi var" - CNN
08 Jun 2026, 21:46 12 baxış 3 dəq oxuma
Hörmüz boğazı ətrafında yaranmış böhran Vaşinqtonla Tehran arasında danışıqları dalana dirəyib və tərəflərin mövqeləri bir-birindən çox uzaqdır.
Moderator.az xəbər verir ki, bu barədə CNN telekanalı yazıb.
"İran yalnız sahib olduğu şeydən çıxış edir"
CNN-in analitiki Bret Makqerk hesab edir ki, ABŞ prezidenti Donald Tramp Hörmüz boğazını yenidən beynəlxalq gəmiçilik üçün açmağa və İranın nüvə ambisiyalarını məhdudlaşdırmağa çalışsa da, tərəflər faktiki olaraq eyni dildə danışmırlar. O, qeyd edir ki, Vaşinqton danışıqlara güc və təzyiq prizmasından yanaşır, Tehran isə sahib olduğu strateji üstünlükdən istifadə edir.
Makqerk bunu vaxtilə Tehranın "Evin" həbsxanasında saxlanılan amerikalı girovların azad olunması ilə bağlı apardığı danışıqlardan çıxardığı nəticələrlə izah edir. Onun sözlərinə görə, İran uzun illərdir girovları danışıqlarda təzyiq aləti kimi istifadə edir və indi də eyni məntiqi daha böyük miqyasda tətbiq edir.
Hörmüz boğazı "ən qiymətli girov" kimi
Makqerk hesab edir ki, hazırda İranın əlində olan əsas rıçaq Hörmüz boğazıdır. Dünya neft tədarükünün təxminən beşdə biri bu marşrutdan keçir və Tehran boğaza təsir imkanlarından ABŞ-a qarşı təzyiq vasitəsi kimi istifadə edir. Müəllif CNN-ə müsahibə verən İran rəsmisi Möhsün Rəzayinin sözlərini xatırladır. Rəzayi bildirib ki, Vaşinqton İranın dondurulmuş 24 milyard dollarlıq aktivlərini azad etməyincə vəziyyət dəyişməyəcək.
Onun fikrincə, bu vəsaitin açılması ABŞ-ın danışıqlara nə dərəcədə ciddi yanaşdığını göstərəcək. Makqerk qeyd edir ki, Tehran üçün bu, 2023-cü ildə amerikalı girovların azad olunması müqabilində əldə edilən razılaşmanın daha geniş miqyaslı təkrarıdır. Fərq ondadır ki, bu dəfə söhbət ayrı-ayrı şəxslərdən deyil, qlobal iqtisadiyyat üçün vacib olan bir marşrutdan gedir.
Vaşinqtonun üç seçimi
Məqalə müəllifinin fikrincə, ABŞ hazırda üç variantdan birini seçməlidir. Birinci yol iqtisadi təzyiqləri davam etdirmək və İranın iqtisadi vəziyyətinin daha da pisləşəcəyinə ümid etməkdir. İkinci variant Tehranın tələblərinin bir hissəsini qəbul edərək kompromisə getməkdir. Makqerk hesab edir ki, bu addım Tramp administrasiyası üçün siyasi baxımdan ağır geri çəkilmə kimi görünə bilər.
Üçüncü seçim isə Hörmüz boğazında hərbi nəzarəti bərpa etməyə çalışmaqdır. Lakin İran artıq münaqişəni Hind okeanı, Bab əl-Məndəb boğazı, Qırmızı dəniz və Aralıq dənizi istiqamətlərinə yaymaqla hədələyib. Makqerkin qənaətincə, buna görə də danışıqlar hazırda dalana dirənib. O hesab edir ki, qüvvələr nisbəti dəyişmədiyi müddətdə Tehran əlindəki üstünlükdən asanlıqla imtina etməyəcək və tərəflər arasında razılıq əldə olunması çətin olaraq qalacaq.