"Adi şəcərə araşdırması kimi başlayan DNT testi bir qadının bioloji mənşəyi ilə bağlı gözlənilməz həqiqəti ortaya çıxarıb və ailə münasibətlərini dəyişdirib..."
Bir qadın ailə köklərini araşdırmaq məqsədilə DNT testi etdirərkən atası hesab etdiyi şəxsin onun bioloji atası olmadığını öyrənib.
Moderator.az xəbər verir ki, bu barədə "Daily Mirror" nəşri yazıb.
45 il gizli qalan həqiqət
Qadının dayısının sözlərinə görə, anası gənclik illərində nikahdankənar münasibət yaşayıb, lakin ailəsini qorumaq üçün həmin əlaqəni bitirib. O, başqa kişidən hamilə qaldığını isə heç vaxt bilməyib. Həqiqət yalnız qızının DNT testi etdirməsindən sonra üzə çıxıb. Anası sonradan qızına bütün həqiqəti danışıb və onun bioloji atasını tapmaq istəyini dəstəkləyib. Lakin bu etiraf ailə münasibətlərinə ağır təsir göstərib.
Acı nəticələr
Qızı onu böyüdən şəxsin bioloji atası olmadığını öyrəndikdən sonra anası ilə əlaqəni kəsib və beş il onunla danışmayıb. Dayısının sözlərinə görə, qadın bunu öz səhvinin cəzası kimi qəbul edib. Maraqlıdır ki, qızı böyüdən və onun üçün əsl ata olan şəxs bu hadisədən 20 il əvvəl vəfat edib.
Sonradan tapılan bioloji ata ilə əlaqə yaransa da, o da qısa müddət sonra dünyasını dəyişib. Bu hadisədən sonra dayı insanlara DNT testləri etdirməzdən əvvəl mümkün nəticələri ciddi şəkildə düşünməyi tövsiyə edib. Onun fikrincə, bəzi ailə sirləri gözlənilməz və ağrılı nəticələr doğura bilər.
Nadir hadisə: fərqli atalardan olan əkizlər
Məqalədə daha bir maraqlı hadisədən bəhs olunur. Böyük Britaniyada yaşayan bacılar Mişel və Laviniya Osborn ev şəraitində etdikləri DNT testindən sonra müxtəlif atalardan dünyaya gəldiklərini öyrəniblər. Bu hal "heteropaternal superfekundasiya" adlanır və son dərəcə nadir bioloji hadisə hesab olunur.
Mütəxəssislərin məlumatına görə, dünyada bu cür cəmi bir neçə təsdiqlənmiş hadisə qeydə alınıb.
İlk şok və emosional çətinliklərə baxmayaraq, bacılar münasibətlərini qoruyub saxlayıblar və bu gün də özlərini ayrılmaz əkizlər hesab edirlər.