Ermənistanda keçirilən son parlament seçkiləri ölkənin siyasi mühitində yeni mərhələnin başlanğıcı kimi dəyərləndirilir. Nəticələrdən sonra hakim partiyanın parlamentdə üstün mövqe qazanması hökumət formalaşdırma prosesini daha da aktuallaşdırıb. Bununla paralel olaraq, müxalif düşərgədə mümkün birləşmələr və yeni siyasi ittifaqların formalaşması ilə bağlı müzakirələr güclənib.
Bildiyiniz kimi, Nikol Paşinyan rəhbərlik etdiyi partiya parlamentdə 64 mandat əldə edərək hökumət formalaşdırmaq imkanı qazandı.
Maraqlıdır, Samvel Karapetyan və Robert Köçəryan düşərgələrinin birləşməsi güclü müxalifət yarada bilər? Bu vəziyyətdə Paşinyanın konstitusiya dəyişiklikləri və Azərbaycan ilə sülh prosesi kimi əsas siyasi təşəbbüslərini parlamentdə rahat şəkildə həyata keçirməsi mümkün görünürmü, yoxsa güclü müxalifət bu proseslərə ciddi maneələr yarada bilər?
Moderator.az-ın suallarını Milli Məclisin deputatı Rasim Musabəyov cavablandırıb.
Deputat qeyd edib ki, bəzi məsələlər var ki, onlara yalnız nəzəri yanaşma əsasında dəqiq cavab vermək mümkün deyil:
"Siz güclü müxalifətin hansı səviyyədə təsir gücünə malik olacağını soruşursunuz. Lakin nəzərə almaq lazımdır ki, Samvel Karapetyanın yaratdığı partiyanın cəmi bir neçə aylıq fəaliyyəti var və onun siyasi arenada necə davranacağı, hansı xətti izləyəcəyi hələ tam aydın deyil. Hətta istisna deyil ki, Samvel Karapetyan müəyyən müddətdən sonra siyasi proseslərdən uzaqlaşsın, Moskvaya qayıtsın və partiyanın fəaliyyətinə marağını itirsin. Buna görə də indiki mərhələdə tələsik nəticələr çıxarmaq və qəti proqnozlar vermək doğru olmazdı. Bütün bunlar zaman və praktiki siyasi fəaliyyət fonunda özünü göstərəcək.
Hazırkı vəziyyətdə əsas məqam ondan ibarətdir ki, Nikol Paşinyanın rəhbərlik etdiyi siyasi qüvvə hakimiyyəti əlində saxlaya bilib və hökumət formalaşdırmaq imkanına malikdir. Bundan sonrakı mərhələdə isə həm parlament daxilində, həm də siyasi sistem çərçivəsində müxtəlif qüvvələrlə işləmək zərurəti yaranacaq.
Digər tərəfdən, müxalifətin özünün nə dərəcədə vahid mövqe nümayiş etdirəcəyi də açıq sual olaraq qalır. Bu xüsusda ilk növbədə Karapetyanın partiyasının gələcək taleyi diqqət mərkəzindədir.
Çünki həmin siyasi təşkilat qısa müddət ərzində fərqli baxışlara və maraqlara malik şəxslərin bir araya gətirilməsi ilə formalaşıb və onun daxili bütövlüyünü qoruyub-qoruya bilməyəcəyi hələ məlum deyil. Bütün bunları nəzərə alaraq hesab edirəm ki, indiki mərhələdə müxalifətin perspektivləri barədə qəti nəticələr çıxarmaq üçün hələ tezdir. Qarşıdakı dövrdə siyasi proseslərin inkişafı bir çox suallara daha aydın cavab verəcək".
Pərvin Şakirqızı