Ermənistanda keçirilən parlament seçkilərində Nikol Paşinyanın partiyasının qələbəsi Avropa liderləri və bir sıra dövlət başçıları tərəfindən təbrik olunub. Moskva isə seçkilərdən sonra İrəvanı və Aİ-ni tənqid edib...




 
Ermənistanda keçirilən parlament seçkilərində baş nazir Nikol Paşinyanın rəhbərlik etdiyi "Vətəndaş Müqaviləsi" Partiyasının qələbəsi beynəlxalq aləmdə geniş əks-səda doğurub.
 
Moderator.az xəbər verir ki, bu barədə "dw com" nəşri yazıb.
 
Avropadan Paşinyana təbriklər
 
Avropa Komissiyasının sədri Ursula fon der Lyayen bildirib ki, Avropa İttifaqı demokratik Ermənistanla tərəfdaşlığı yüksək qiymətləndirir və ölkənin Avropa ilə yaxınlaşmasını dəstəkləyir. Aİ-nin xarici siyasət rəhbəri Kaya Kallas isə erməni xalqının Rusiyanın təzyiqlərinə baxmayaraq Avropa gələcəyini seçdiyini vurğulayıb.
 
Almaniya, Fransa və Polşadan dəstək
 
Almaniya kansleri Fridrix Merts erməni xalqının demokratiya və sülhə üstünlük verdiyini qeyd edərək, Ermənistanla əməkdaşlığın daha da dərinləşdirilməsinə ümid etdiyini bildirib. Fransa prezidenti Emmanuel Makron da Ermənistanın suverenliyinə və Avropa ilə əlaqələrinin möhkəmlənməsinə dəstəyini ifadə edib. 
 
İspaniyanın baş naziri Pedro Sançes erməni xalqının demokratiya, sabitlik və Avropa ilə daha sıx inteqrasiya yolunu seçdiyini vurğulayıb. Polşanın baş naziri Donald Tusk isə Ermənistanın özünün avropayönlü kursunu təsdiqlədiyini bildirib.
 
"Vaxt itirmək olmaz"
 
Ukrayna prezidenti Vladimir Zelenski seçkilərin nəticəsini Ermənistanın suverenliyinin və müstəqilliyinin qələbəsi adlandırıb. O, Avropa İttifaqını İrəvana real dəstək göstərməyə çağıraraq bildirib ki, Ermənistanın Avropa ilə münasibətlərdən fayda gördüyünü vətəndaşlar hiss etməlidir.
 
İsrailin xarici işlər naziri Gideon Saar Paşinyanın Azərbaycanla sülh və barışıq istiqamətində addımlarını yüksək qiymətləndirib. Hindistanın baş naziri Narendra Modi də Paşinyanı "təsirli qələbə" münasibətilə təbrik edib.
 
Moskvanın reaksiyası və seçkilərin nəticələri
 
Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova isə İrəvanı Rusiyaya yaxın siyasi qüvvələrə təzyiq göstərməkdə, Avropa İttifaqını isə seçkilərə müdaxilə etməkdə ittiham edib. O bildirib ki, Moskva gələcək siyasətini Ermənistan rəhbərliyinin real addımlarına uyğun quracaq.
 
İyunun 7-də keçirilən seçkilərin rəsmi nəticələrinə əsasən, Paşinyanın "Vətəndaş Müqaviləsi" Partiyası səslərin 49,8 faizini toplayaraq inamlı qələbə qazanıb. Rusiyayönlü "Güclü Ermənistan" bloku 23,3 faiz səslə ikinci olub. Seçkilərdə iştirak səviyyəsi isə 58,97 faiz təşkil edib ki, bu da əvvəlki iki parlament seçkisi ilə müqayisədə daha yüksək göstəricidir.