Bu gün- 10 iyun sübh saatlarında baş verən qarşılıqlı atışma nəticəsində ABŞ-ın Bəhreyn, Küveyt və İordaniyadakı hərbi bazaları İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) və İran ordusunun genişmiqyaslı raket və pilotsuz uçuş aparatı (PUA) hücumlarının hədəfi olub və bazalarda yanğın baş verib.
 




Moderator.az xəbər verir ki, məlumatları İran və ərəb mediası da təsdiqləyib. 
 
"Xatəmül-Ənbiya" mərkəzi qərargahının rəsmi bəyanatına görə, bu addımlar ABŞ ordusunun bu gün sübh saatlarında İranın cənubundakı bölgələrə (Cəsk, Sirik və Qeşm daxil olmaqla) etdiyi təcavüzə cavab olaraq atılıb.
 
İran Silahlı Qüvvələrinin ABŞ mövqelərinə hücumlarının təfərrüatları:
 
İordaniyadakı “Əl-Əzraq” bazası: 
 
SEPAH-ın Aerokosmik Qüvvələri uzaqmənzilli bərk yanacaqlı raketlərlə 4 mühüm hədəfi, o cümlədən “F-35” qırıcılarının anqarlarını və ABŞ ordusunun komandanlıq və idarəetmə mərkəzini məhv edib.
 
Bəhreyndəki 5-ci dəniz donanması: 
 
ABŞ ordusunun bu strateji qərargahı SEPAH-ın Hərbi Dəniz Qüvvələrinin ağır PUA və raket atəşinə tutulub. Nəticədə həyəcan siqnalları işə düşüb və ardıcıl partlayışlar baş verib.
 
Küveytdəki “Əli Əl-Salim” bazası: 
 
ABŞ ordusunun bu bazadakı mövqeləri və obyektləri ballistik raketlər və kamikadze PUA-ları ilə hədəf alınıb.
 
İraqın Ərbil şəhərinin şimalı: 
 
Hücumların ilk dalğasında ABŞ tərəfindən dəstəklənən separatçı qruplaşmaların mövqeləri və qərargahları da vurulub.
 
Region mediasının, o cümlədən "Al-Mehwar News" agentliyinin məlumatına görə, 
 
Bəhreyndəki partlayışların miqyası və hava hücumundan müdafiə sistemlərinin işə düşməsi ABŞ qüvvələrinin bütün regionda ciddi şəkildə qəfil yaxalandığını göstərir. Buna cavab olaraq, İran İslam Respublikası Ordusu ikinci dalğa PUA hücumları ilə ABŞ-ın Beşinci Donanmasının radar sistemlərini hədəfə alıb.
 
SEPAH həmçinin İran ərazisi üzərində ABŞ-ın "MQ-9 Reaper" pilotsuz təyyarəsinin vurulduğunu da iddia edib.
 
ABŞ mediası da bu məlumatları qismən təsdiqləyib. "Axios" nəşrinin müxbiri Barak Ravid məlumatlı rəsmilərə istinadən bildirib ki, İran çərşənbə günü səhər Bəhreyn, Küveyt və İordaniyadakı ABŞ bazalarına ən azı dörd ballistik raket və bir neçə dron atıb...
 
S.Laçın