"Bu addım gələcək nəsillərin qorunmasına töhfə verəcək" – Əhməd İsmayılov
10 Jun 2026, 15:51 33 baxış 3 dəq oxuma
Əhməd İsmayılov: "Erkən yaş dövründə sosial şəbəkələrdən məhdudiyyətsiz və nəzarətsiz istifadə uşaqların gələcək inkişafında müxtəlif mənfi nəticələrə səbəb ola bilər".
Bu fikirləri Medianın İnkişafı Agentliyinin (MEDİA) İcraçı direktoru Əhməd İsmayılov Agentliyin təşkil etdiyi “İnzibati Xətalar Məcəlləsində”, “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” və “Uşaqların zərərli informasiyadan qorunması haqqında” qanunlara təklif edilən dəyişikliklərlə bağlı ictimai müzakirələr zamanı səsləndirib.
İcraçı direktor bildirib ki, dünyanın bir sıra inkişaf etmiş ölkələrində uşaqların fiziki və psixoloji sağlamlığına zərər verə biləcək rəqəmsal məzmun və sosial media istifadəsinin qarşısının alınması məqsədilə müxtəlif hüquqi mexanizmlər tətbiq olunur:
"Azərbaycanda hazırlanmış qanun layihələri də bu sahədə bir neçə vacib istiqaməti əhatə edir.
Əhməd İsmayılov qeyd edib ki, nəzərdə tutulan dəyişikliklərin əsas məqsədi uşaqları rəqəmsal mühitin zərərli təsirlərindən qorumaq, onlar üçün daha təhlükəsiz və sağlam informasiya məkanı yaratmaqdır. Hazırlanan təkliflər həm ümumbəşəri etik prinsiplərə, həm ölkənin milli maraqlarına, həm də beynəlxalq hüququn qabaqcıl standartlarına uyğundur. İnanırıq ki, bu təşəbbüs milli informasiya məkanının daha sağlam şəkildə formalaşmasına və gələcək nəsillərin müdafiəsinə əhəmiyyətli töhfə verəcək.
Qanun layihəsinin hazırlanması və sonrakı tətbiqi mərhələsində aidiyyəti dövlət qurumlarının məsuliyyətli və diqqətli yanaşması xüsusi əhəmiyyət daşıyır. Təklif olunan mexanizmlər internet provayderlərinin və rəqəmsal platformaların uşaqların mənəvi tərbiyəsi, intellektual inkişafı və təhlükəsiz informasiya mühitində böyüməsi istiqamətində cəmiyyət və dövlət qarşısında daşıdıqları sosial-hüquqi öhdəlikləri daha da gücləndirəcək".