“İran elitası hiss etsə ki, ABŞ-dan hakimiyyətlərinə qarşı 5% real təhlükə var, o saat saqqallarını qırxıb qalstuk taxarlar...”
11 Jun 2026, 12:12 27 baxış 10 dəq oxuma
“Analitiklərin proqnozuna görə belə olduğu halda hakimiyyət hərbçilərin əlinə keçə və onların keçirəcəyi islahatlar nəticəsində teokratik dövlət dünyəvi dövlətə çevrilə bilər.
“Bu saat İran təhsili və səhiyyəsi heç də ABŞ, İsrail və s. Aİ-dən geri qalmır. Xalqına xidmət etdiyinə görə onlardan qat-qat üstündür...”
“İran onun ərazisində yaşayan xalqların birliyi və dostluqları əsasında qurulmuş İslam sosializmi bünövrəli bir dövlətdir...”
Siyasi analitik Tahir Cəfərli ilə Moderator.az üçün budəfəki söhbətimizin də əsas mövzusu davam edən ABŞ+İsrail-İran qarşıdurması və İran rejiminin gələcəyi oldu.
(Əvvəli burada: )
-Tahir müəllim, düzdü, ABŞ və İsrail İrana qarşı savaşlarını haqsız olaraq başladıblar. Amma sizə elə gəlmirmi ki, hər söhbətimizdə İran dövlətinin gücünü və imkanlarını həddindən artıq şişirdirsiz?
-İran haqqında yaradılmış mənfi stereotiplər bu ölkədə baş verənlər haqqında düzgün və obyektiv təhlil verməyə qoymur. Biz bu stereotiplərdən uzaqlaşıb, təmiz vərəqdən başlamalıyıq.
Birincisi, İran cəmiyyətini vahid yumruq kimi birləşdirən bu ölkədə qanunların işləməsi və korrupsiyanın olmamasıdır.
Təhsil və səhiyyənin pulsuz olması, hətta ABŞ-ın sanksiyaları altında olduğu halda milli zəmində qarşıdurmanın olmaması, İranı parçalamaq istəyən qüvvələrin oyunlarını pozur.
SSRİ-nın Avropa tərəfindən dağıdılmasının səbəbi yüksək siyasi elitanın, elə M.Qorbaçovun korrupsiyaya uğramasının nəticəsi oldu...
İranın indiki dövlət quruluşu İslam sosializmi olduğundan ölkənin idarəçiliyində insanların ölkə qarşısında xidmətləri əsas götürülür. Bir İran prezidenti və yaxud yüksək məmuru təmtəraqlı həyat yaşamır. Götürək eks-prezident Əhməd Nejatı. “CNN” müxbirinin sözlərinə görə, “İQ” səviyyəsi çox dövlət başçılarından qat-qat üstün olan bu şəxsiyyət hazırda adi kənd adamı kimi qoyun otarır...
Vahid dövlətçilik ideologiyası əsasında ABŞ-ın bütün təzyiqlərinə qarşı dura bildi. İran əhalisinin 100-də 75 azərbaycanlılardır və farsdilli Azərbaycanlılar İranı idarə edirlər...
İran təhsili və səhiyyəsi ancaq xalqına və dövlətinə xidmət edir və yüksək texnoloji nailiyyətləri göz qabağındadır...
İranın istehsal etdiyi hipersəs raketlərini hələ ABŞ əldə edə bilməyib. Hərbi ekspertlərin dediyinə görə “Oreşnik” tipli belə raketləri ABŞ HSK hələ 30-cu illərdə hasil etməyə nail olacaqlar. Fakt budur ki, İran tək başına qüdrətli ABŞ və İsrailə qarşı təpki gəlməkdədir...
Biz qonşumuza bizim üçün xarici dövlətlərin yaratdığı stereotiplərlə yanaşırıq və bizlərə elə gəlir ki, İran dağılacaq...
Bu saat İran təhsili və səhiyyəsi heç də ABŞ, İsrail və s. Aİ-dən geri qalmır. Xalqına xidmət etdiyinə görə onlardan qat-qat üstündür...
İran onun ərazisində yaşayan xalqların birliyi və dostluqları əsasında qurulmuş İslam sosializmi bünövrəli bir dövlətdir...
İran xalqı orada yaşayan vətəndaşların birliyidir. Bu birliyi tarixi şərait yaradıb və onu dağıtmağa nə ABŞ-ın, nə də başqa ölkənin gücü çatmır...
SSRİ-ni milli zəmində dağıtdılar, İran isə dağılmır. Çünki onun Konstitusiyasında bütün millətlər və tayfaların hüquqları bərabərdir və bu yüksək səviyyədə qorunur...
-Ən azı, sonuncu cümlənizdəki fikir ədalətsizdir. İranda bütün millət və tayfalar necə bərabərhüquqludurlar ki, bəlkə də ölkə əhalisinin yarıdan çoxunu təşkil edən Azərbaycan türklərinə öz dillərində təhsil almaq imkanı verilmir, onların bir çox digər hüquqları da pozulur... Yaxşı, İran necə “kamil idarəçilik və texnoloji imkanlara malik bir dövlətdir ki, həm ötən 2025-ci ildəki, həm də bu ilin fevral-mart aylarındakı savaşda ABŞ və İsrail başda ali dini lider Əli Xamenei olmaqla bir sıra tanınmış dövlət xadimi və generallarını bir neçə gün ərzində yerlərini dəqiq müəyyənləşdirməklə məhv etdi?
-Biz unuduruq ki, kamil idarəçilik və texnoloji imkanlar ona görə deyil ki, düşmən saydığın dövlətin başçılarını öldürəsən, ölkəni başsız qoyub, işğal edəsən. ABŞ - İsrailin bu cür qeyri-insani hərəkətlərini, terror yolu ilə müstəqil dövlətin liderlərini qətlə yetirən ölkəni alqışlamaq və onun tərəfin saxlamaq ədalətsizlikdir... Bununla belə, hətta başsız qalmış İranda da düşmən qarşısında mərdliklə dayanan hərbi elita qısa müddət ərzində ABŞ-İsrail təcavüzünün qarşısını aldı. İran siyasi elitası elə bir xarici siyasət strukturu qurdu ki, Amerika İranla gizli danışıqlara getməyə məcbur oldu. Fikir verirsiniz, belə danışıqların olması haqda İsrailin belə, xəbəri yoxdur. İran XİN-in ABŞ-ın iqtisadi maraqları əsasında danışıqlara getməsi də, göz qabağındadır... İran XİN yaxşı bilir ki, İranla müharibənin əsas səbəbi Aİ-ının iqtisadiyyatının dağıdılması üçün neftin qiymətinin qaldırılmasıdır...
İranın Hörmüzü blokadaya alması və körfəz ölkələrinin neft ixracının nəzarətdə saxlaması ABŞ üçün varlanmağa şərait yaradır. Neftin qiyməti 90 dollardan aşağı düşmür. ABŞ isə hər bareldən 50 dollar qazanır. Nəticədə bundan qazanan ancaq ABŞ və İran olur...
Maraqlı bir fakt : ötən ilin dekabrında İran milli bankında siçan oynayırdı, indi isə xarici valyuta əlindən tərpənmək mümkün deyil...
İran öz təhlükəsizliyini təmin etməkdən ötrü Çin və Rusiya ilə silah sahəsində də əməkdaşlığı genişləndirib və Çinə göndərdiyi neftin qarşısını belə Hörmüzü blokadada saxlayan ABŞ donanması almır...
-Sözünüzdən belə çıxır ki, ABŞ bilə-bilə bütün bunlara göz yumur? Nə məqsədlə?
-Bilirsiz, primitiv düşüncəyə malik bəzi fərdlər, belə düşünürlər ki, ABŞ-ın İranla müharibəsinin məqsədi İsraili qorumaqdır. Həqiqət isə başqadır. Bu hibrid müharibə, yəni İran tərəfindən Hörmüzün nəzarətə alınması və ABŞ-ın onu blokadaya alması, hər şeydən əvvəl, böyük geo-siyasi oyunun başlanğıcıdır. Hər bir halda budan Amerika udacaq, çünki oyunu quran həmin dövlətin xüsusi orqanlarıdır. O qərarların icraçısı isə Trampdır. Bütün oyunların yekun məqsədi isə ötən dəfə dediyim kimi, Aİ-nın çökdürülməsi və ABŞ-ın Qrenlandiyanı işğal etməsidir...
Aİ liderləri indi-indi anlayırlar ki, ABŞ-ın bütün oyunlarının məqsədi Aİ-ni dağıtmaqdır. Ona görə İrana qarşı NATO qoşunlarını göndərmədilər. ABŞ Hörmüzdə qarşısına qoyduğu bütün iqtisadi məqsədlərə nail olub, indi isə İranı öz strateji partnyoruna çevirmək üçün ciddi addımlar atmaqdadır...
-Söhbətimizin ötən hissəsində də deyirsiz ki, İran tezliklə dünyəvi bir dövlətə çevrilə bilər. İndi isə ABŞ-ın İranı özünün strateji partnyoruna çevirəcəyini proqnozlaşdırırsız. Sizcə, 50 ilə yaxın hakimiyyətdə olmuş, Amerika və İsraillə daim qatı düşmənçilik aparmış, bu gün də həmin xətti davam etdirən bir teokratik rejim ABŞ-la yaxın əməkdaşlığa və dini dövlətin asanlıqla dünyəvi dövlətə çevrilməsinə imkan verərmi?
-Aydındır ki, indiki şəraitdə İrandakı teokratik strukturlar Amerika ilə bu yaxınlaşmağa qarşı gedəcəklər. Ancaq bu o demək deyildir ki, bu nəyinsə qarşısını alacaq. İranın hərbi rəhbərliyinin müstəqil qərarlar qəbul etməsi, sözün həqiqi mənasında İran ordusunu qələbəyə aparması onu göstərir ki, tezliklə İranın yüksək səviyyəli hərbçiləri xalqın inamını qazanacaq və ABŞ-la əvvəl iqtisadi, sonra isə siyasi əməkdaşlığa doğru addım atacaq. Analitiklərin proqnozuna görə belə olduğu halda hakimiyyət hərbçilərin əlinə keçə və onların keçirəcəyi islahatlar nəticəsində teokratik dövlət dünyəvi dövlətə çevrilə bilər. İndiki şəraitdə isə İranın ABŞ-dan heç bir qorxusu yoxdur. ABŞ qüdrətli bir dövlətdir. O bütün ölkələrə geo-siyasi davranış diktə edir. Elə İrana da. Və aydındır ki, qarşısına qoyduğu bütün məqsədlərə nail olacaq...
Yüksək təhsilə və analitik düşüncəyə malik olan ən yaxın dostlarımdan biri İranla bağlı söhbətlərimizdə həmişə qeyd edir ki, biz İranı yaxşı tanımırıq. Əgər İran elitası hiss etsə ki, ABŞ-dan onların hakimiyyətinə qarşı heç olmasa 5% real təhlükə var, o saat saqqallarını qırxıb qalstuk taxarlar və ABŞ diplomatları ilə üzbəüz oturub, bütün problemləri həll edərlər. Çünki ABŞ-ın İranı öz siyasi dairəsinə salmağı üçün əlində hər bir imkan vardır. Azərbaycan isə bu iki ölkə arasında körpü rolunu oynayacaq...