"Konstantinovka uğrunda döyüşlərin intensivləşməsi və Rusiyanın qış hücumu planları müharibədə yeni eskalasiya mərhələsini göstərir..."




 
Rusiya Donetsk vilayətindəki "istehkamlar zolağı" istiqamətində hücum prioritetlərini dəyişərək Slavyansk üzərinə uğursuz cəhdlərdən sonra əsas diqqəti Konstantinovkanın ələ keçirilməsinə yönəldib.
 
Moderator.az xəbər verir ki, bu barədə Amerikanın Müharibənin Öyrənilməsi İnstitutunun (ISW) hesabatında deyilir.
 
Rusiya Konstantinovkaya yönəlir və "istehkam xətti" dəyişir
 
Analitiklərə görə, 2026-cı ilin yaz-yay mərhələsində Rusiyanın əsas hücum nöqtəsi məhz bu şəhərdir. ISW qeyd edir ki, Rusiya qüvvələri artıq Konstantinovka ətrafında taktiki irəliləyişlər əldə edib və iki taktiki qrup şəhərin cənubuna və şərq hissəsinə doğru irəliləyib. Hücumlar 2025-ci ilin yayında Çasov Yar və Toretskin ələ keçirilməsindən sonra başlayıb və 2025-ci ilin oktyabrında şəhərə ilk daxilolmalar qeydə alınıb. Hazırda şəhərin təxminən 12 faizi Rusiya nəzarətindədir.
 

 
Şəhər uğrunda döyüş, yarım-mühasirə və logistika böhranı
 
Mart ayından etibarən hücumların intensivliyi artıb və Ukrayna mənbələri şəhərin faktiki olaraq yarımmühasirə vəziyyətində olduğunu bildirir. Konstantinovkaya giriş əsasən iki yol üzərindən həyata keçirilir və Rusiya qüvvələri bu marşrutları maksimum nəzarətdə saxlamağa çalışır. Bu isə təchizat, evakuasiya və əlavə qüvvələrin göndərilməsini ciddi şəkildə çətinləşdirir.
 
Hərbi ekspertlərin fikrincə, Rusiya Pokrovskda tətbiq etdiyi taktikanı burada da təkrarlamağa çalışır: əvvəlcə şəhərin kənarlarında möhkəmlənmək, daha sonra isə mərhələli şəkildə şəhər daxilinə nüfuz edərək çoxmərtəbəli binalarda dayaq nöqtələri yaratmaq.
 
Kremlə görə paralel plan - qış hücumu və daxili iqtisadi təzyiq
 
"New York Post"un yazdığına görə, Kreml həm cəbhədəki çətinlikləri, həm də iqtisadi problemləri kompensasiya etmək üçün yeni qış hücumu planlaşdıra bilər. Qərb analitikləri bildirirlər ki, Rusiya qış dövründə Ukraynanın enerji, dəmir yolu və su infrastrukturuna genişmiqyaslı zərbələr endirərək humanitar və logistika təzyiqini artırmağa çalışa bilər.
 
Eyni zamanda Rusiya iqtisadiyyatı ciddi təzyiq altındadır: büdcə kəsiri artıb, neft-qaz gəlirləri azalıb və işçi qüvvəsi çatışmazlığı yaranıb. Bu fon da orduya yeni əsgər cəlbini çətinləşdirir və Kreml daha sərt addımlar - yeni səfərbərlik dalğası və ya sosial güzəştlərin azaldılması kimi variantları nəzərdən keçirə bilər. Analitiklərin fikrincə, cəbhədə uğursuzluqlar və iqtisadi gərginlik Rusiyanı Ukraynaya qarşı təzyiqi artırmağa yönəldə bilər.