“İşlərimi sosial şəbəkələrdə paylaşmağa marağım və istəyim yoxdur, çünki...” - FOTO+ÖZƏL
11 Jun 2026, 13:26 30 baxış 3 dəq oxuma
“Mənim üçün hər tamaşa önəmlidir. Çox tamaşalarda iştirak edirəm. Bu il 55 yaşım tamam oldu. 55 illiyimdə də tamaşa oynadım. Amma buna benefis adı qoymadım. 60 illik yubileyimlə bağlı fikirləşmirəm ki, hansı tamaşada oynaya bilərəm? Bir hesabat xarakterli tamaşa ola bilər. Biz aktyorlara rejissor hansı rolu verirsə onu da oynayırıq”.
Bunu Moderator.az-a açıqlamasında Əməkdar artist Elşən Rüstəmov deyib.
Sənətkar daha sonra əlavə edib:
“Hər aktyor Hamlet rolunu oynamaq istəyər. Amma konkret mən ora köklənməmişəm ki, məhz o rolu oynamalıyam. Elə bir rol ola bilər ki, sən özün də bilmədən onu çox gözəl yarada bilərsən. Sən o rolla tamaşaçı rəğbəti qazana bilərsən. Mən ona inanıram ki, rol gözlənilməz olsun, mən də onu oynayım. Konkret olaraq hansısa rolu oynamağı düşünmürəm”.
Elşən Rüstəmov sosial şəbəkələrdən aktiv istifadə etmədiyini bildirib:
“Mən paylaşım edə bilmirəm. Buna həvəs və maraq yoxdur. Artıq neçə illərdir feysbukum var. Özüm haqda nadir hallarda nəsə etmişəm. Onu da bilmirəm necə olub? Feysbukda ancaq məlumatları oxuyuram. Özüm barədə nəsə paylaşmıram. Fikirləşirəm ki, tamaşa oynadım, tamaşaçılar baxdı, pis yaxud yaxşı alındısa bunu onlar deyə bilərlər. Demirəm ki, paylaşım pisdir. Sadəcə olaraq mənim buna səriştəm və istəyim yoxdur. Paylaşımlara heç də aludə olan deyiləm”.
Elşən Rüstəmov süni intellektin incəsənətə təsirindən də danışıb:
“Süni intellekt günü-gündən inkişaf edir. Hər saat, hər saniyə daha da mükəmməlləşir, xəyaldan doğruya çevrilir. Bu gün olmasa da süni intellekt gələcəkdə bizim sahəyə daxil olub, öz fəaliyyətini göstərə bilər. Təbii ki, süni intellekt iqtisadi baxımdan gəlir gətirə bilər. Gələcəkdə ola bilər ki, süni intellekt əsl aktyordan fərqlənməsin. Sifarişçilər də əlbəttə ki, onu tələb edəcəklər. Bu həm kino, həm serial, həm də dublyaj sahəsinə aiddir”.