Deputat Hakan Fidanın Moskva səfərində müzakirə oluna biləcək mövzulardan danışdı
Son dövrlər həm Ukrayna müharibəsi, həm Yaxın Şərqdə artan gərginlik, həm də Cənubi Qafqazda formalaşan yeni reallıqlar əsasında Türkiyə və Rusiyanın maraqları bir sıra məsələlərdə toqquşur.
Maraqlıdır, belə bir şəraitdə Hakan Fidanın iyunun 15-17-də Moskva səfəri tərəflərin strateji fikir ayrılıqlarını idarə etmək cəhdi kimi qiymətləndirilməlidir, yoxsa Ankara və Moskva arasında yeni regional razılaşmaların konturları müzakirə olunur?
Mövzu ilə bağlı Moderator.az-a Milli Məclisin deputatı Tural Gəncəliyev açıqlama verib.
Deputat qeyd edib ki, təbii ki, Rusiya və Türkiyə kimi regionumuzun iki böyük güc mərkəzi olan ölkələrin maraq dairələri müxtəlif regionlarda həm toqquşur, həm də kəsişir:
"Məsələn, Rusiya-Ukrayna müharibəsi bir tərəfdən, Yaxın Şərq müharibəsi digər tərəfdən təbii ki, hər iki ölkənin maraqlarına həm xələl gətirir, həm də müəyyən fərqli fürsətlər yaradır. Məsələn, Rusiya-Ukrayna müharibəsi kontekstində Türkiyənin indiyə qədər istər NATO çərçivəsində, istər Qərblə münasibətlər çərçivəsində Rusiyaya qarşı siyasətdə anti-Rusiya mövqeyi tutmaması Türkiyəyə çox mühüm diplomatik dividendlər qazandırdı. Türkiyənin Rusiya-Ukrayna və yaxud da Rusiya-NATO qarşıdurmasında bir mediator, bir vasitəçi funksiyası hər zaman nəzərdən keçirilirdi. Taxıl razılaşmaları bu baxımdan yadda qalan nümunələrdəndir. Türkiyənin məhz konstruktiv mövqeyi Rusiya-Ukrayna arasında müəyyən humanitar məsələlərdə onun böyük diplomatik-siyasi rol oynamasına imkan yaratdı.
Təbii ki, Türkiyənin NATO ilə konkret, yəni onların xətti ilə tam şəkildə getməməsi və özünün suveren siyasət aparması istər NATO daxilində, istər Qara dəniz hövzəsində, istər Aralıq dənizi hövzəsində Türkiyəni çox güclü bir aktora çevirdi. Və təbii ki, Türkiyə özü dediyim kimi, bir müstəqil suveren ölkə olaraq NATO üzvü olmasına baxmayaraq, öz siyasətini məhz öz milli mənafelərinə uyğun şəkildə aparır. Yaxın Şərqdə gedən bu müharibə kontekstində də biz gördük ki, Türkiyə ABŞ, İsrail, İrana hücumu kontekstində Hürmüz boğazı ətrafındakı məsələlərdə öz müstəqil suveren siyasətini qoruyur, özünün nöqteyi-nəzəri var və hətta bəzən Türkiyənin belə müstəqil siyasəti ona qarşı strateji düşmənçilik mövqeyi tutan İsrailin, Yunanıstanın, Fransanın, Yunan Kiprinin Türkiyəyə qarşı bir müttəfiqlik, bir anti-Türkiyə oxu formalaşdırmasına da gətirib çıxarmışdır.
Son zamanlar Türkiyəyə qarşı, xüsusilə də İsrail rəsmilərinin hücumları və Türkiyə Respublikasına qarşı səsləndirilən təhdidlər ona əsas verir ki, Türkiyənin hər iki cəbhədə, həm Rusiya-Ukrayna, həm də Yaxın Şərq istiqamətində apardığı suveren siyasət təbii ki, xoşlanmır. Tramp Türkiyə ilə münasibətlərini, xüsusilə də Ərdoğan ilə münasibətlərini pozmamağa çalışır, Türkiyənin güclü bir liderə malik olduğunu və güclü bir ölkə olduğunu anlayır. Ona görə də İsrailin çağırışlarına və digər NATO üzvlərinin çağırışlarına baxmayaraq, Türkiyə münasibətlərdə konstruktiv davranır".
Millət vəkili vurğulayıb ki, Hakan Fidanın Rusiyaya səfərini mən o mənada qiymətləndirirəm ki, Rusiya və Türkiyə hal-hazırda bir-birilərinə qarşı konfrontasiyada deyillər, daha çox toqquşan nöqtələrə, yəni bir-birinin maraqları üst-üstə düşən nöqtələri müzakirə etmək baxımından bir fürsət kimi dəyərləndirilir:
"Biz xatırlayırıq ki, 2015-ci ildə Rusiya-Türkiyə arasında münasibətlər çox gərgin idi. Türkiyə səmasında Rusiya təyyarəsinin vurulması ilə az qala Rusiya-Türkiyə müharibəsi baş verəcəkdi, lakin bunun qarşısı alındı. Məhz hər iki ölkənin, xüsusilə də Türkiyənin burada müdrik siyasəti öz rolunu oynadı. Təbii ki, Qərbdəki bəzi qüvvələr, İsrail və mən hesab edirəm ki, Amerikanın tərkibində olan müəyyən anti-türk qüvvələr çox istəyərdilər ki, Türkiyənin Rusiya ilə müharibəsi olsun və həm Türkiyənin, həm də Rusiyanın zəiflədilməsi məqsədilə bu iki ölkə qarşı-qarşıya gəlsin.
Ancaq mən hesab edirəm ki, xüsusilə də Türkiyənin son zamanlar apardığı müdrik siyasət onu göstərir ki, Türkiyə öz milli maraqlarından çıxış edərək siyasətini qurur, böyük müharibələrdə tərəf olmur və Hakan Fidanın da Moskvaya səfəri məhz dediyim kimi, regional müzakirələrin aparılması, regional siyasətin müzakirəsi və mümkün baş verə biləcək eskalasiyanın qarşısının alınması məqsədini daşıyır. Çünki indi o qədər təhlükəli bir dövrdə yaşayırıq ki, Rusiya-Ukrayna müharibəsi kontekstində Qara dəniz demək olar ki, çox təhlükəli və riskli bir hövzəyə çevrilmişdir. Aydın məsələdir ki, Qara dənizdə böyük risk Türkiyənin milli maraqlarına dərhal ciddi zərbə vurur.
İki dövlətin toqquşması hansısa insident nəticəsində Türkiyə ilə Rusiya arasında böyük qarşıdurmaya, böyük problemlərə səbəb ola bilər. Məhz bunların qarşısının alınması, gələcəkdə üçüncü tərəflərin Türkiyə-Rusiya müharibəsinə və yaxud da münasibətlərin pozulmasına mane olmasının qarşısını almaq üçün məsələləri razılaşdırmaq, regional münaqişələrə və regional situasiyaya dair fikirləri və strategiyanı uzlaşdırmaq baxımından Hakan Fidanın həm səfərini, həm də ümumiyyətlə Rusiya-Türkiyə münasibətlərini bu qəbildən qiymətləndirmək olar. Eyni zamanda Yaxın Şərqlə bağlı da biz dəfələrlə şahid olmuşuq ki, Türkiyə böyük bu qarşıdurmada böyük güclərin konfrontasiyasında iştirak etmək fikrində deyil və xüsusilə də burada çox önəmlidir ki, NATO-nun istər Qara dəniz, istər Şərqi Aralıq dənizində olan ən böyük güclü ordusu və güclü dövləti olan Türkiyənin Rusiya ilə münasibətləri gərginləşməsin.
Bu bizim üçün də, Qafqaz üçün də, Azərbaycan üçün də çox böyük risklər yaradır. Çünki Türkiyə bizim ən yaxın müttəfiqimiz, qardaş ölkədir. Biz istəmərik ki, Türkiyənin başı bəlalarda olsun, Türkiyə gərginlikdə olsun. Ona görə də Hakan Fidanın məhz səfərini də bu baxımdan qiymətləndirirəm. Türkiyə baxmayaraq ki, NATO üzvüdür, Avroatlantik məkana hərbi-siyasi baxımdan inteqrasiya olunmuşdur. Ancaq Türkiyənin özünəməxsus mövqeyi və öz müstəqil siyasəti vardır. İstər Rusiya ilə olsun, istər Yaxın Şərq, istər İranla bağlı və təbii ki, bunu da xoşlamayan qüvvələr var və bu baxımdan da Hakan Fidanın bu səfəri də məhz müstəqil Türkiyənin müstəqil siyasəti kontekstində nəzərə alınmalıdır".
Pərvin Şakirqızı