Bakıda fəaliyyət göstərən bir sıra taksi şirkətlərində son günlər qiymətlərin kəskin şəkildə artdığı müşahidə edilir. “Bolt” və “Yango” platformalarında gediş haqlarının əvvəlki dövrlə müqayisədə təxminən 40–50 faiz yüksəldiyi qeyd olunur.
Maraqlıdır, müşahidə olunan 40-50 faizlik bahalaşmanı bazarın inhisarlaşması və ya platformalar arasında koordinasiyalı qiymət siyasətinin əlaməti kimi qiymətləndirmək olarmı? Bu istiqamətdə aidiyyəti qurumlar hansı araşdırmaları aparmalıdır?
Mövzu ilə bağlı Moderator.az-a Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli açıqlama verib.
İqtisadçı bildirib ki, rəqabətli bazarda fəaliyyət göstərən müxtəlif şirkətlərin qiymətləri eyni vaxtda və təxminən eyni səviyyədə artırması həmişə adi bazar davranışı hesab edilmir:
"Taksi xidmətləri bazarında müşahidə olunan 40-50 faizlik bahalaşma bazarda rəqabətin vəziyyəti ilə bağlı suallar yaradır. Əgər qiymət artımları bütün əsas platformalarda eyni dövrdə baş verirsə, bunun arxasında obyektiv iqtisadi səbəblərin, yoxsa bazarın yüksək konsentrasiyasının və ya koordinasiyalı davranış elementlərinin dayanıb-dayanmadığı araşdırılmalıdır.
Bu baxımdan Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi taksi bazarında rəqabət mühitini, platformaların bazar paylarını, qiymət artımlarının iqtisadi əsaslarını, tətbiq olunan komissiya siyasətini və alqoritmik qiymətqoyma mexanizmlərini təhlil etməlidir. Həmçinin qiymət dəyişikliklərinin vaxt baxımından uyğunluğu, şirkətlər arasında mümkün razılaşdırılmış davranış əlamətləri və istehlakçıların maraqlarına təsir edən digər amillər araşdırılmalıdır.
Əgər bahalaşma yanacaq, vergi, sığorta və ya digər xərclərin artması ilə əlaqədardırsa, bu zaman qiymət artımının həmin xərclərlə nə dərəcədə uzlaşdığı ictimaiyyətə izah edilməlidir. Əks halda, bazarda rəqabətin zəifləməsi və ya dominant iştirakçıların qiymət formalaşdırılmasına həlledici təsir göstərməsi ilə bağlı şübhələrin yaranması təbiidir".
Pərvin Şakirqızı