"İran Xarici İşlər Nazirliyinin bu bəyanatı həm hüquqi, həm də siyasi baxımdan çox ciddi mesajlar ehtiva edir. Mövuya hüquqi aspektdən baxdıqda görünən odur ki, BMT Nizamnaməsinə istinadən demək olar ki, ABŞ-ın hücumları beynəlxalq hüququn əsas prinsiplərini pozur".


Bu fikirləri Moderator.az-a siyasi şərhçi Aydın Tağıyev açıqlamasında bildirib. 







Siyasi şərhçi vurğulayıb ki, bunu İran tərəfi də açıq şəkildə bildirir ki, Bu, xüsusilə dövlətlərin suverenliyi və güc tətbiq etməmək prinsiplərinə aiddir:


"Burada İranın vurğuladığı “atəşkəs müqavilələrinin mənasız hala gətirilməsi” ifadəsi, ABŞ-ın hərbi əməliyyatlarının mövcud razılaşmaları faktiki olaraq ləğv etdiyini göstərir. Bu, beynəlxalq hüquqda “pozulmuş müqavilə” statusu yarada bilər. İranın Regional dövlətlərə çağırışına diqqət yetirsək görərik ki, İran bölgə ölkələrinə müraciət edərək onların ABŞ-a dəstək verməməsini tələb edir. Bu, həm siyasi təzyiq formasıdır, həm də regional koalisiyalar yaratmaq cəhdidir.


Hesab edirəm burda bir Strateji xəbərdarlıq da var. İranın “mənbəni zərərsizləşdirmək” ifadəsi, ABŞ qüvvələrinin yerləşdiyi regionlarda birbaşa cavab əməliyyatlarının ola biləcəyinə işarədir. Bu, yalnız ABŞ-İran münasibətlərini deyil, həm də bölgədəki digər güclərin maraqlarını təhlükə altına sala bilər.


Yekunda onu deyə bilərəm ki, bu bəyanatın mahiyyəti ondan ibarətdir ki, İran ABŞ-ın hərbi əməliyyatlarını yalnız atəşkəsin pozulması kimi deyil, həm də beynəlxalq hüquqa qarşı açıq hücum kimi təqdim edir. Bununla Tehran həm regional dövlətləri öz mövqeyinə cəlb etməyə çalışır, həm də beynəlxalq aləmdə ABŞ-ı təcrid etmək niyyətini ortaya qoyur".


Pərvin Şakirqızı