“Həm gəlirlərdən, həm də dövlətin verdiyi dotasiydan yeyintilərin əvəzini  gediş haqları üzrə qiymət artımı etməklə sərnişinlərin- vətəndaşların cibindən çıxarmaqla ödəməyə çalışırlar...”
 




“Ötən il Dövlət Audit palatasının apardığı yoxlamalar zamanı Bakı Metropolitenində milyonlarla vəsaitin təyinatı üzrə xərclənmədiyi üzə çıxarılmışdı. Ancaq buna görə heç kim məsuliyyətə cəlb olunmadı...”
 
“Normal idarəçilik və nəzarət olarsa, “BakıBus” da daxil olmaqla Bakının sərnişindaşıma sektoru dövlət büdcəsinə gəlir də gətirər, gediş haqları da belə baha olmaz, başqa sözlə, xalqın qazancına, cibinə uyğun olar...”
 
“Bir müddət əvvəl məlum oldu ki, "BakuBus" dövlət büdcəsindən 100 milyon manat dotasiya alıb. “BakuBus” Məhdud Məsuliyyətli Cəmiyyəti Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03.04.2014-cü il tarixli, 92 nömrəli qərarı ilə Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyində dövlət müəssisəsi olaraq yaradılıb. Strategiyasi  qabaqcıl təcrübədən yararlanmaqla 21-ci əsrin tələblərinə cavab verən ictimai nəqliyyat xidməti təşkil etməkdən ibarətdir. Hələ xidmətin keyfiyyətini qoyuram kənara, ancaq maliyyə gəlirləri yüksək olan bu qurumun hər il dövlət büdcəsindən külli miqdarda dotasiya alması təəccüb doğurmaya bilməz. Necə olur ki, əvvəllər şərnişin daşımaları köhnəlmiş və müasir standartlara o qədər də cavab verməyən ictimai nəqliyyat vasitələri gəlirlə işləyirdi, ancaq hər cür şərait yaradılan "BakuBus" nəinki özünü təmin edə bilmir, hətta hər il dotasiya alır. Demək, burada təkcə yarıtmaz idarəçilik deyil, mənimsəmə və korrupsiya halları da illərlə davam etməkdədir.” 

Bu fikirləri Moderator.az-a açıqlamasında siyasi şərhçi, AMİP Siyasi Şurasının üzvü Əli Orucov ifadə edib.
 
“Xərclərin suni şəkildə şişirdilməsi, gəlirlərin gizlədilməsi və s. kimi hallar paytaxtın yerüstü və yeraltı ictimi nəqliyyat daşımalarında xarakterik haldı. Ötən il Dövlət Audit palatasının apardığı yoxlamalar zamanı Bakı Metropolitenində milyonlarla vəsaitin təyinatı üzrə xərclənmədiyi üzə çıxarılmışdı. Ancaq buna görə heç kim məsuliyyətə cəlb olunmadı. Bu israfçılığın və mənimsəmələrin doğurduğu fəsad bir ay əvvəl qatarın dəfələrlə xəttdə qalması və metropolitenin fəaliyyətində durğunluq yaranmasında təzahür etdi”, - deyə davamında partiya fəalı bildirib.
 
Həmsöhbətimiz ictimai nəqliyyat sektorunda avtobus sürücüləri və digər sıravi işçilərin aşağı əmək haqqı aldığı halda rəhbər heyətin təxminən 10 dəfə çox maaş almasını da diqqətə çatdırıb:
 
“Paytaxtın yerüstü sərnişin nəqliyyatında isə “BakıBus” QSC-nin böyük payı var. Elementar hesablamalar aparılsa, bir daha aydın olar ki, həmin cəmiyyət ziyanla yox, yüksək gəlirlə işləməlidir. Texniki heyətə və ya sürücülərə elə də yüksək əməkhaqqı verilmir: 500-2000 manatı arasında dəyişir. Ancaq hər yerdə olduğu kimi, rəhbər heyətə yüksək əməkhaqqı ödənilir. Bakı Nəqliyyat Agentliyinin sıravı işçilərinin 500 manat əməkhaqqı aldıqları halda rəhbərinin 18000 manat maaş alması barədə mediada məlumatlar yayılmışdı. Görünür, analoji vəziyyət “Bakıbus”da da hökm sürür...” 
 
“Təəssüflər olsun ki, paytaxt təşərrüfatının ən gəlirli sahələrindən olan ictimai nəqliyyat sektorunda baş alıb gedən yeyinti, israfçılıq və korrupsiya hallarının qarşısı indiyədək alınmır. Nəinki əldə olunan gəlirlər, hətta dövlət büdcəsindən ayrılan külli miqdarda pullar da kimlərinsə bitməyən tamahlarının güdazına  gedir. Bunun əvəzini isə gediş haqları üzrə qiymət artımı etməklə sərnişinlərin- vətəndaşların cibindən çıxarmaqla ödəməyə çalışırlar. Normal idarəçilik və nəzarət olarsa, “BakıBus” da daxil olmaqla Bakının sərnişindaşıma sektoru dövlət büdcəsinə gəlir də gətirər, gediş haqları da belə baha olmaz, başqa sözlə, xalqın qazancına, cibinə uyğun olar”,- deyə Əli Orucov vurğulayıb.
 
Xatırladaq ki, hələ 2022-ci ildə Dövlət Hesablama Palatası 01.01.2019-cu il tarixindən 01.0.2021-ci il tarixinədək olan dövrdə maliyyə fəaliyyətinə dair kənar dövlət maliyyə nəzarəti tədbiri zamanı ortaya çox ilginc məqamlar çıxıb. Nə az, nə çox 80 milyon manat vəsait hesabına alınan avtobusların 25 faizini ümumiyyətlə xəttə buraxmayıblar(ətraflı )...
 
Sultan Laçın