“Hamıya bəllidir ki, Paşinyanın sosial bazası möhkəmdir. Erməni xalqının böyük əksəriyyəti onun tərəfindədir. O, erməni cəmiyyətini ətrafında səfərbər edə bilibdir...”
 




“Moskva öncədən Ermənistandakı seçkilərdə təxribat törətməyə, prosesi öz xeyrinə pozmağa çalışıb. Hətta bu məqsədlə Rusiyadan 100 minə yaxın ermənini ölkəyə göndərmək üçün 50 milyon dollaradək vəsait ayırıb. Ancaq Paşinyan hakimiyyəti çeviklik göstərdi. Rusiyadan ilk partiyada göndərilən Ermənistan vətəndaşlarının əksəriyyəti hərbi xidmətdən yayınmış olduqları üçün onların çoxunu hərbi xidmətə yolladılar. Odur ki, yerdə qalanlar qorxularından gəlmədilər. Yəni bütün hallarda Moskvanın oxu daşa dəyir və heç bir gərəkli effekt vermir.”
 
Bu fikirləri Moderator.az-a açıqlamasında Rusiyanın son parlament seçkilərində qələbə qazanmış Nikol Paşinyan hakimiyyətinə qarşı pozuculuq və təxribat cəhdlərindən bəhs edən politoloq Qabil Hüseynli səsləndirib.
 
“Təbii ki, işğalçı Rusiya rəhbəri Putin və onun komandası bundan sonra da Ermənistanda Paşinyan hakimiyyətinin seçki uğurlarına zərbə vurmaq üçün müxtəlif növ təxribatlara və pozuculuq fəaliyyətinə əl atacaq. Ancaq hamıya bəllidir ki, Paşinyanın sosial bazası möhkəmdir. Erməni xalqının böyük əksəriyyəti onun tərəfindədir. O, erməni cəmiyyətini ətrafında səfərbər edə bilibdir. Rusiyanın “5-ci kalon”u, agentura şəbəkəsi, Köçəryan, Karapetyan tərəfdarları, “Daşnaksütyun” partiyası, həmçinin erməni apostol kilsəsi hakimiyyətə qarşı pozuculuq işləri ilə məşğul olmağa cəhd göstərəcəklər. Lakin hakimiyyət, sözsüz ki, lazımi və qanuni hüquqi prosedurlar çərçivəsində onların həbsini təşkil edərək zərərsizləşdirəcək və nəticədə Kremlin bütün cəhdləri yenə də puça çıxacaq”, -deyə davamında politoloq vurğulayıb.
 
Sultan Laçın