"Putin Mərkəzi Kəşfiyyat İdarəsi və "Mossad"dan ehtiyatlanaraq ailəsini qapalı iqamətgaha köçürüb" - "Daily Express"
11 Jun 2026, 21:12 31 baxış 3 dəq oxuma
"Kreml rəhbərliyi Putinin yaxın qohumlarının mühafizəsini görünməmiş səviyyədə gücləndirib..."
Rusiya prezidentinin ailəsi ciddi mühafizə olunan Valday iqamətgahında yerləşdirilib. Bu addım Kremlin təhlükəsizliklə bağlı narahatlıqlarının artdığını göstərir.
Moderator.az xəbər verir ki, bu barədə Britaniyanın "Daily Express" nəşri yazıb.
Putin ailəsini Valday kompleksində cəmləşdirir
Məqalədə deyilir ki, Rusiya prezidenti Vladimir Putin təhlükəsizlik risklərinin artmasından ehtiyatlanaraq böyük qızları - 41 yaşlı Mariya Vorontsova və 39 yaşlı Yekaterina Tixonovanı, eləcə də onların uşaqlarını ciddi mühafizə olunan Valday iqamətgahına köçürmək barədə göstəriş verib.
Nəşrin məlumatına görə, Moskvadan 400 kilometrdən çox məsafədə yerləşən meşəlik ərazidəki bu kompleks uzun müddətdir Putinin qeyri-rəsmi ailəsinin əsas yaşayış məkanı kimi istifadə olunur. Burada onun həyat yoldaşı hesab edilən Alina Kabayeva və azyaşlı oğullarının da yaşadığı bildirilir.
Nəşr yazır ki, ailə üzvlərinin bir məkanda toplanması Rusiya hakimiyyətinin yüksək eşelonlarında təhlükəsizliklə bağlı ciddi narahatlıqların mövcudluğuna işarə edir.
Valdayda müdafiə sistemi gücləndirilib
Məqalədə müstəqil "Mojem Obyasnit" layihəsinin araşdırmasına istinadən bildirilir ki, son illərdə Valday kompleksinin müdafiə infrastrukturu əhəmiyyətli dərəcədə genişləndirilib.
İddialara görə, Ukrayna pilotsuz aparatlarının Rusiya ərazisinin dərinliklərinə nüfuz etməsindən sonra iqamətgahın ətrafında hava hücumundan müdafiə sistemi gücləndirilib, meşə massivində çoxsaylı zenit qurğuları yerləşdirilib. Bundan əlavə, kompleksin altında raket zərbələrinə davam gətirə biləcək dərin yeraltı bunkerlər şəbəkəsinin yaradıldığı da qeyd olunur.
Xarici kəşfiyyat qorxusu və Kremlin tədbirləri
Nəşr həmçinin bildirir ki, Rusiya xüsusi xidmət orqanları son vaxtlar Kremlin daxili videomüşahidə sistemlərini yoxlayaraq müəyyən müddətə söndürüb. Məqalədə bunun səbəbi kimi xarici kəşfiyyat xidmətlərinin mümkün kibermüdaxilə təhlükəsi göstərilir.
Yazıda iddia olunur ki, bu addım İranın ali rəhbəri ayətullah Əli Xameneinin 2026-cı ilin fevralında öldürülməsi ilə bağlı yayılan məlumatlardan sonra atılıb. Müəlliflərin fikrincə, həmin hadisə Rusiya rəhbərliyində əlavə təhlükəsizlik narahatlığı yaradıb.
Məqalənin sonunda qeyd edilir ki, Putinin böyük qızları hazırda yüksək vəzifələrdə fəaliyyət göstərsələr də, ailənin bütün üzvləri Valdayda yaşamır. Nəşrin iddiasına görə, Putinin qızı hesab edilən 23 yaşlı Luiza Rozova Fransanın paytaxtı Paris şəhərində qalmağa üstünlük verir.