"2025-ci ilin dövlət büdcəsinin icrası ölkənin iqtisadi və sosial siyasətinin əsas istiqamətlərinin reallaşdırılmasına imkan verib".
Moderator.az xəbər verir ki, bu barədə maliyyə naziri Sahil Babayev Milli Məclisdə ötən ilin büdcə icrasına dair hesabatın təqdimatı zamanı məlumat verib.
Nazirin sözlərinə görə, hesabat ilində beynəlxalq iqtisadi proseslərdə müşahidə olunan çağırışlara baxmayaraq, Azərbaycanda iqtisadi sabitlik qorunub, dövlət proqramlarının icrası fasiləsiz davam etdirilib və prioritet istiqamətlər üzrə nəzərdə tutulan maliyyə təminatı tam həyata keçirilib.
O bildirib ki, büdcə xərcləri əhalinin sosial müdafiəsinin gücləndirilməsi, iqtisadi fəaliyyətin genişləndirilməsi və Qarabağla Şərqi Zəngəzurda aparılan bərpa-quruculuq layihələrinin maliyyələşdirilməsi məqsədlərinə yönəldilib. Həmçinin dövlətin uzunmüddətli inkişaf strategiyasında nəzərdə tutulan hədəflərin icrası istiqamətində mühüm nəticələr əldə olunub.
Sahil Babayev çıxışı zamanı ölkənin büdcə icrası ilə bağlı əsas göstəriciləri təqdim edib.
Nazir bildirib ki, 2025-ci ildə dövlət büdcəsi çərçivəsində ümumilikdə 38,6 milyard manat həcmində vəsait xərclənib. Bu rəqəm təsdiqlənmiş maliyyə planının 93,2 faizinə uyğun icra göstəricisi kimi qeydə alınıb. O, həmçinin əvvəlki illə müqayisədə xərclərdə 891 milyon manatlıq artımın və 2,4 faizlik yüksəlişin baş verdiyini diqqətə çatdırıb.
S.Babayev son beş il üzrə dinamikanı da açıqlayaraq büdcə xərclərinin 11,2 milyard manat artdığını və ümumilikdə 41 faiz genişləndiyini qeyd edib.
Xərclərin istiqamətləri barədə məlumat verən nazir vurğulayıb ki, 22,1 milyard manat cari öhdəliklərin maliyyələşdirilməsinə sərf olunub. İnvestisiya və əsaslı layihələrə 14,4 milyard manat yönəldilib, dövlət borcu və digər maliyyə öhdəliklərinin icrası üçün isə 2,1 milyard manat ayrılıb. Bu bölgü ümumi xərclərin strukturunda müvafiq olaraq 57,3 faiz, 37,3 faiz və 5,4 faiz paya uyğun gəlir.
Nazir əlavə edib ki, cari xərclərin maliyyələşdirilməsində qeyri-neft sektorunun rolu xüsusilə artıb. Belə ki, 22,1 milyard manatlıq cari xərclərin 20,4 milyard manatı, yəni 92 faizi qeyri-neft-qaz sektorundan daxil olan gəlirlər hesabına təmin edilib.
Onun fikrincə, bu göstəricilər dövlət maliyyəsinin dayanıqlılığının gücləndiyini və iqtisadi strukturun tədricən daha çox qeyri-neft gəlirləri üzərində formalaşdığını göstərir.
Pərvin Şakirqızı