"Trampın kəşfiyyat rəhbərliyi üçün seçdiyi namizəd Vaşinqtonda müsbət qarşılanıb..."


"ABŞ prezidenti Milli Kəşfiyyatın direktoru postuna Nyu-Yorkun federal prokuroru Cey Kleytonu irəli sürüb, əvvəlki namizəd Konqresdə ciddi etirazlarla qarşılaşıb..."






ABŞ prezidenti Donald Tramp Milli Kəşfiyyatın direktoru vəzifəsinə Nyu-Yorkun Cənub Dairəsinin federal prokuroru Cey Kleytonu namizəd göstərib. Bu qərar əvvəlki namizəd Bill Pultenin Konqresdə təcrübəsizliyinə görə tənqid olunmasından sonra qəbul edilib.


Moderator.az xəbər verir ki, bu barədə "bbc.com" nəşri məlumat yayıb.


Məlumatda deyilir ki, hazırda federal prokuror kimi çalışan Kleyton bir sıra rezonans doğuran işlərə rəhbərlik edir. Onların arasında Venesuelanın keçmiş lideri Nikolas Maduroya qarşı narkotik qaçaqmalçılığı işi də var.


Qabbardın gedişi və Ağ Evin mövqeyi


May ayının sonunda Milli Kəşfiyyatın hazırkı direktoru Tulsi Qabbard istefa verdiyini açıqlayıb. O, qərarını həyat yoldaşına nadir sümük xərçəngi ilə mübarizədə kömək etmək istəyi ilə əsaslandırıb. Qabbardın son iş günü iyunun 30-u olacaq.


Lakin "Reuters"in məlumatına görə, Ağ Evdəki mənbələr onun istefasının rəhbərliyin tələbi ilə baş verdiyini iddia edir. Bundan əvvəl Tramp Qabbardla İran məsələsində fikir ayrılıqlarına işarə edib, onun Tehranın nüvə ambisiyalarına qarşı daha yumşaq mövqe tutduğunu bildirib.


Niyə məhz Kleyton?


Tramp özünün "Truth Social" platformasında Kleytonu yüksək qiymətləndirərək onun ABŞ Qiymətli Kağızlar və Birja Komissiyasına rəhbərlik etdiyi dövrdə uğurlu fəaliyyət göstərdiyini vurğulayıb. 


Prezident həmçinin Kleytonun nüfuzlu "Sullivan & Cromwell" hüquq şirkətində qazandığı təcrübəni xüsusi qeyd edib. "Hüquq ictimaiyyətində Cey qədər hörmət qazanmış adam azdır", - deyə Tramp yazaraq Senatı namizədliyi mümkün qədər tez təsdiqləməyə çağırıb.


Əvvəlki namizəd Bill Pulte isə həm kəşfiyyat sahəsində təcrübəsinin olmaması, həm də Trampın siyasi rəqiblərinə qarşı ipoteka fırıldaqçılığı ittihamları ilə araşdırmalar başladığına görə sərt tənqid olunub. Bu işlərin heç biri məhkəmədə uğurlu nəticə verməyib.


Konqresdən müsbət siqnallar


Konqres üzvləri Kleytonun namizədliyinə əsasən müsbət yanaşıblar. Respublikaçı senator Con Tun onu "mürəkkəb vəzifələrin öhdəsindən gəlmək üçün geniş bacarıqlara malik yüksək ixtisaslı mütəxəssis" adlandırıb. Senatın müvafiq komitəsində demokratların aparıcı nümayəndəsi Mark Uorner də Kleytonu "çox peşəkar namizəd" kimi qiymətləndirib.


"The New York Times"ın məlumatına görə, onun namizədliyinin irəli çəkilməsində Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Con Retkliff mühüm rol oynayıb. Senarın Kəşfiyyat Komitəsi artıq iyunun 17-nə Kleytonun iştirakı ilə dinləmələr təyin edib ki, bu da Konqresin namizədliyi sürətlə təsdiqləmək niyyətindən xəbər verir.


Kleytonun rəhbərlik etdiyi prokurorluq komandası Maduro işi ilə yanaşı, Ceffri Epşteyn işi üzrə sənədlərin araşdırılmasında və İranın sifarişi ilə ABŞ ərazisində terror aktları hazırlamaqda ittiham olunan İraq vətəndaşı ilə bağlı istintaqda da mühüm rol oynayıb.