"Əfqanıstanda Taliban hakimiyyəti rəqəmsal texnologiyalara qarşı kampaniyanı genişləndirir..."
Əfqanıstan sürətlə 1990-cı illərin reallığına qayıdır. Taliban hakimiyyəti ölkədə smartfon və digər müasir rəqəmsal texnologiyalara qarşı genişmiqyaslı kampaniyaya başlayıb.
Moderator.az xəbər verir ki, bu barədə "israelinfo.co" nəşri məlumat yayıb.
Məlumatda deyilir ki, Talibanın ali rəhbəri Molla Heybətullah Axundzadənin şifahi göstərişi əsasında dövlət qurumlarında və təhlükəsizlik strukturlarında çalışan şəxslərə qarşı yeni məhdudiyyətlər tətbiq olunur.
Smartfon təhvil verilməli və ya məhv edilməlidir
Məlumata görə, Taliban bu qərarın icrasını ciddi nəzarət mexanizmləri ilə müşayiət edir. Hərbi tribunalların rəhbərləri, təhlükəsizlik xidmətləri və kəşfiyyat orqanları prosesə cəlb olunub.
Xüsusi anketlər hazırlanıb və burada hər bir əməkdaşın adı, vəzifəsi, iş yeri, telefon nömrəsi və mobil operatoru qeyd olunur. Sənəddə ayrıca "telefon təhvil verilib" və ya "şəxsin özü tərəfindən sındırılıb" bölmələri də yer alır.
Sosial şəbəkələrdə yayılan videolarda Taliban üzvlərinin öz smartfonlarını nümayişkaranə şəkildə sındırdığı görünür. Bu görüntülər bir çox əfqan üçün Talibanın 1996-2001-ci illərdəki ilk hakimiyyəti dövrünü xatırladır. Həmin vaxt televiziya aparatları, maqnitofonlar və yayım avadanlıqları da kütləvi şəkildə məhv edilirdi.
"İslamın üç əsas düşmənindən biri"
Taliban rəsmiləri sərt tədbirləri təhlükəsizlik və mənəvi dəyərlərin qorunması ilə əsaslandırır. Ali təhsil naziri Nəda Məhəmməd Nədim daha əvvəl açıq şəkildə bildirib ki, smartfonlar müsəlmanların "üç əsas düşmənindən biri" hesab olunur.
Analitiklərin fikrincə, qadağaların əsas səbəbi hakimiyyət daxilində korrupsiya, insan hüquqlarının pozulması və Taliban üzvlərinin davranışları ilə bağlı görüntülərin internetə sızması qorxusudur. Bundan əlavə, mobil cihazlar vasitəsilə geolokasiya məlumatlarının əldə olunması da təhlükəsizlik riski kimi qiymətləndirilir.
Ekspertlər hesab edir ki, Taliban problemlərin səbəblərini aradan qaldırmaq əvəzinə, həmin problemləri sənədləşdirməyə imkan verən vasitələri sıradan çıxarmağa çalışır.
Təhsil sistemi və media da hədəfdədir
Qadağalar artıq təhsil müəssisələrinə də yayılıb. Universitet tələbələri və müəllimlərinə iş vaxtı smartfonlardan istifadə qadağan edilib. Yalnız ali məktəb rəhbərləri üçün istisna nəzərdə tutulub.
Kabil Təhsil Departamenti isə həm dövlət məktəblərində, həm də mədrəsələrdə şagirdlərin dərsə mobil telefon gətirməsini yasaqlayıb. Rəsmi izahata görə, məqsəd "sağlam və sakit təhsil mühiti" yaratmaqdır.
Talibanın media üzərində nəzarəti də getdikcə sərtləşir. 2024-cü ilin avqustunda qəbul edilən qanun canlı varlıqların - insan və heyvanların təsvirlərinin yayımını məhdudlaşdırıb. 2025-ci ilin sentyabrında ölkə üzrə internet və mobil rabitə iki gün müddətinə tam dayandırılmışdı.
Hazırda bəzi bölgələrdə dövlət televiziyaları aparıcıların görüntülərini efirdən çıxarır, onların əvəzinə təbiət mənzərələri nümayiş etdirilir. Bir sıra əyalətlərdə isə televiziya faktiki olaraq yalnız səs yayımına çevrilib və "Şəriətin səsi" adı altında fəaliyyət göstərir.
Müşahidəçilərin fikrincə, Taliban artıq təkcə məlumatın yayılmasına deyil, onun yaradılmasına imkan verən vasitələrə də nəzarət etməyə çalışır. Nəticədə Əfqanıstan informasiya məkanının getdikcə daha çox qapandığı və ölkənin yenidən radio dövrünün reallıqlarına qayıtdığı qeyd olunur.