Uzanan müharibə Rusiyanın strateji üstünlüyünü zəiflədib və Kremlin qarşısında getdikcə daha ciddi hərbi, iqtisadi və siyasi problemlər yaradıb...




 
Rusiya-Ukrayna müharibəsi artıq müddətinə görə Birinci Dünya müharibəsini geridə qoyaraq 1569-cu gününə çatıb.
 
Moderator.az xəbər verir ki, bu barədə ABŞ-ın nüfuzlu "Newsweek" nəşri yazıb.
 
"Blitskriq"in iflası və müharibənin uzanması
 
Nəşr yazır ki, Kremlin qısa müddətdə qələbə qazanacağına ümid etdiyi əməliyyat indi uzunmüddətli və tükəndirici qarşıdurmaya çevrilib. Nəşr bu vəziyyəti Moskva üçün strateji dönüş nöqtəsi kimi qiymətləndirir. Məqalədə qeyd olunur ki, müharibənin ilk və ən ciddi uğursuzluğu Kremlin Kiyevi sürətli şəkildə təslim etdirmək planının tam iflasıdır.
 
Bu planın çökməsi ilə savaş tədricən uzanan və hər iki tərəfi resurs baxımından tükəndirən qarşıdurmaya çevrilib. Eyni zamanda Ukrayna bu dövrdə yeni şəraitə uyğunlaşaraq pilotsuz sistemlər, uzaqmənzilli zərbə imkanları və yüksək texnologiyalı silahlar sahəsində potensialını əhəmiyyətli dərəcədə artırıb.
 
Hücum imkanları zəifləyir, müharibə Rusiya daxilinə keçir
 
Nəşrin vurğuladığı ikinci və üçüncü siqnal Rusiyanın hücum tempinin kəskin şəkildə zəifləməsi və müharibənin təsirlərinin artıq ölkə daxilində hiss olunmasıdır. Uzunmüddətli hücum əməliyyatları böyük insan itkisi hesabına yalnız cüzi ərazi qazancı ilə nəticələnir.
 
Paralel olaraq, Ukraynanın Rusiya ərazisində hərbi və enerji infrastrukturuna endirdiyi zərbələr arxa cəbhənin toxunulmazlığı ilə bağlı təsəvvürləri sarsıdır və Kremlin siyasi elitası üzərində təzyiqi artırır.
 
İnsan resursları və təchizat böhranı
 
Dördüncü və beşinci siqnallar isə Rusiyanın insan resurslarının tükənməsi və logistik problemlərlə bağlıdır. Məqaləyə görə, müharibə uzandıqca canlı qüvvə itkiləri artır, cəbhəyə göndərilən yeni qüvvələrin hazırlıq səviyyəsi isə getdikcə aşağı düşür. Bu, döyüş qabiliyyətinə birbaşa mənfi təsir göstərir.
 
Eyni zamanda təchizat zəncirində yığılan problemlər və resurs çatışmazlığı Rusiya ordusunun əməliyyat imkanlarını məhdudlaşdırır. "Newsweek" nəticə olaraq bildirir ki, Moskva hələ də ciddi təhlükə yaradan güc olaraq qalır, lakin müharibənin gedişi artıq qələbə perspektivindən çox, onun getdikcə ağırlaşan bədəlini daha açıq şəkildə ortaya qoyur.