Süni intellektin hərbi sahədə genişlənməsi qlobal təhlükəsizlik üçün yeni və gözlənilməz risklər yaradır...
Hərbi sahədə süni intellektin sürətli tətbiqi qlobal təhlükəsizlik sistemini sarsıdır və insan nəzarəti olmadan genişmiqyaslı münaqişə riskini artırır.
Moderator.az xəbər verir ki, bu barədə ABŞ-ın "Bloomberg" nəşri yazıb.
Süni intellekt müharibəni sürətləndirir, idarəni isə çətinləşdirir
Nəşr yazır ki, süni intellekt texnologiyalarının hərbi sahəyə sürətli inteqrasiyası qlobal təhlükəsizlik üçün elə risklər yaradır ki, bu təhlükələr artıq nüvə fəlakəti qorxusunu belə kölgədə qoymağa başlayır. Nəşrin yazdığına görə, döyüş alqoritmlərində baş verə biləcək səhv qərarlar və "saxta döyüş ssenariləri" insan müdaxiləsi olmadan belə qlobal müharibəni alovlandıra bilər.
Bu barədə Sinqapurda keçirilən nüfuzlu "Shangri-La Dialoqu" təhlükəsizlik sammitində hərbi rəhbərlər və ekspertlər geniş müzakirələr aparıblar. Onların fikrincə, süni intellekt artıq yalnız mülki texnologiya deyil, qlobal strateji sabitliyi pozan əsas faktorlardan birinə çevrilib.
OODA dövrəsinin pozulması və "informasiya dumanı"
Mütəxəssislər bildirirlər ki, hərbi alqoritmlərin əsas təhlükəsi klassik OODA dövrəsinin (müşahidə, oriyentasiya, qərar, hərəkət) pozulmasıdır. Pakistan ordusunun general-leytenantı Numan Zəkriyanın bununla bağlı maraqlı açıqlama verib.
Onun sözlərinə görə, süni intellekt "rəqəmsal döyüş dumanı" yaradır və bu şəraitdə insan operatorları məlumat axınını düzgün analiz etməkdə çətinlik çəkir. Nəticədə qərarvermə prosesi sürətlənir, lakin eyni zamanda daha impulsiv və riskli xarakter alır. Bu isə səhv hesablamalar nəticəsində genişmiqyaslı eskalasiya ehtimalını artırır.
İnsan nəzarətinin zəifləməsi və "anonim tətik"
Beynəlxalq Qızıl Xaç Komitəsinin prezidenti Miryana Spolyariç də bu narahatlıqlara qoşularaq, müasir müharibələrin getdikcə "dehumanizasiya" olunduğunu bildirib. Onun sözlərinə görə, texnoloji inkişaf müharibəni daha təhlükəsiz etmir, əksinə, onun intensivliyini və dağıdıcılığını artırır.
O qeyd edib ki, süni intellekt zərbələrin məsuliyyətini qeyri-müəyyənləşdirir, hücum edən tərəfin kimliyini isə getdikcə "görünməz" edir. Nəticədə, ölümcül qərarlar minlərlə kilometr uzaqda, tam təhlükəsiz mərkəzlərdən verilə bilir.
Süni intellekt artıq döyüş meydanındadır
Sammitdə çıxış edən Niderland Silahlı Qüvvələrinin baş komandanı general Onno Eyxelsxaym bildirib ki, süni intellekt artıq gələcəyin deyil, indinin müharibə reallığıdır. Onun sözlərinə görə, Ukrayna müdafiə strukturları Rusiya hücumlarının istiqamətini və vaxtını proqnozlaşdırmaq üçün süni intellekt sistemlərindən istifadə edir.
ABŞ isə İranla əlaqəli obyektlərə zərbələrin planlaşdırılmasında neyron şəbəkələrə əsaslanan modellərə müraciət edib. Generalın fikrincə, süni intellekt nəzarətdən çıxma riski ilə yanaşı, münaqişələrin eskalasiyasını sürətləndirən əsas amillərdən birinə çevrilib. O vurğulayıb ki, problem artıq "gələcək təhlükə" deyil - süni intellekt bu gün birbaşa döyüş meydanının idarə olunmasında iştirak edir.