“Manaf Süleymanov nahaq yerə babama “xəsis” damğası vurub, 98 bina tikən adam necə xəsis olar?” - FOTO+ÖZƏL
12 Jun 2026, 19:18 31 baxış 5 dəq oxuma
“98 bina tikib, 35 nəfəri Kərbəla ziyarətinə göndərən, cavanları xaricə göndərib oxutduran, “Avropanı bura gətirəcəm, xaricə getməyin, cavanlar” deyən Ağa Musaya bu gün də xəsis damğası vururlar. Manaf Süleymanovun onun üçün dediyi “xəsis” kəlməsi bu boyda xeyriyyəçinin adının üstündə damğa kimi gedir. Bu mənim üçün çox ağrılıdır. Xəsis adam idisə, bu binaları o zaman kim tikib? İndi bir çox nazirlik, xəstəxana onun binalarında yerləşir. Mən sübuta yetirdim ki, o xəsis olmayıb. Sadəcə lazım olmayan anda pul verməyib. Belə şərtləri olub. O xeyriyyəçi adam idi. Hambal olub, beli bükülüb. 11 yaşından 18 yaşına qədər 16 kiloluq hambal palanının altında beli bükülən Ağa Musa olub. Ona görə o ağrıları, ağırlığı unuda bilmirdi. Qəpiyinin qədrini bilirdi. Hətta “Yük” filmində də belə bir səhnə var ki, oğlu İsmayıl gəlib çayxanda 100 manat atır, Ağa Musa ilə 3 manat atır. Çayçı ondan soruşanda deyir ki, “İsmayıl milyonçu oğludur, gözünü açıb milyon görüb, mən saman satanın oğluyam”. Pul qazanmaq igidlik, onu əldə saxlamaq bacarıq, ondan düzgün istifadə etmək isə istedad tələb edir. Bu şüarı mən yaratmışam”.
Bunu Moderator.az-a açıqlamasında xeyriyyəçi Ağa Musa Nağıyevin nəvəsi Dilarə Nağıyeva deyib.
O daha sonra əlavə edib:
“Bu günlərdə gördüm ki, Adəm adlı bir jurnalist İsmailiyyə binasının qarşısında dayanıb deyir ki, mən sizə sual vermişdim ki, bu bina öndən və sağdan iki mərtəbəli, soldan və arxadan isə 5 mərtəbəlidir. Bu bina niyə belə tikilib? Ünvanladığı suala sonra özü belə cavab verir ki, guya Tağıyev gəlib Ağa Musaya deyib ki, sən bu binanı oğlunun şərəfinə tik. Bu absurddur. Bu binanın layihəsini xarici ölkədən gələn memar işləyib. Bu sözə inanmaq olmaz. 36 ildir Ağa Musanın yolunda əziyyət çəkirəm. Onun binalarını, həyatını və indiyə qədər üz çıxmayan həqiqətləri araşdırıram. Bu sahədə bir neçə kitab və sənədli film ərsəyə gətirmişəm. Bu faktlarla insanları da çaşdırırlar. Çox xahiş edirəm Ağa Musaya qarşı atılan bu iftiralara insanlar inanmasınlar və düzgün qiymət versinlər”.
Dilarə Nağıyeva bugünlərdə sosial şəbəkədə satışa çıxarılan Ağa Musa Nağıyevin 2 milyonluq binasından da danışıb:
“Bu xəbəri eşidər-eşitməz insanlar mənə yığdılar, linklər yolladılar. Can yandırırlar. Elə bilirlər ki, bu ev mənə qalıb (gülür). O görüntüləri izlədim. Nostalji bir hiss yaşadım. 19-cu əsrin ab-havası bu evdə hələ də qalmaqdadır. Tavanın hündürlüyü, hər otağın rəsmləri nəyə desən dəyər.. Pulum olsaydı bu binanı özüm alardım. Ağa Musa Nağıyev bu binada ikinci həyat yoldaşı Yelizaveta Qriqoryevna ilə birlikdə yaşayıb. Onların yaş fərqi böyük idi. Çox xoşbəxt həyat sürürlər. Övladları olmur. Yelizaveta gürcü yəhudisi idi. Ağa Musa dünyasını dəyişəndən sonra Yelizaveta Azərbaycandan köçüb Tiflisə gedir. Sonra müflisləşib Azərbaycana qayıdır. Tumanov adlı yəhudi bir kişi ilə birlikdə yaşayır. 15 il əvvəl bacım oğlu gəlib dedi ki, Yelizavetanın məzarını tapmışam. Gedib gördük ki, qəbrin üstündə həm həyat yoldaşı Tumanovun, həm də Yelizavetanın adı yazılıb. Sonra xeyriyyəçi Azər Xudiyev mənə dedi ki, istəyirəm Ağa Musa Nağıyev yolunda nəsə xeyir addım atım. Mən də ona dedim ki, əgər istəyirsinizsə məzarı abadlaşdırın. Azər bəy sağ olsun, məzarı abadlaşdırdı və ağ mərmərlə döşətdirdi. Məzarın üstünə də həm özünün, həm həyat yoldaşının, həm də Ağa Musa Nağıyevin soyadını yazdırdım. Onlar Ağa Musa ilə 20 il birlikdə ər və arvad olublar”.