Bəzi hallarda qəbiristanlıqlar yaşayış məntəqələrinin yaxınlığında yerləşir.
 




Moderator.az bildirir ki, Oxu.az-ın "Qanun nə deyir?" rubrikasının bugünkü mövzusu qəbiristanlıqlar üçün torpaq sahələrinin ayrılması qaydaları ilə bağlıdır.
 
Qəbiristanlıq üçün ayrılan sahə yaşayış məntəqələrindən nə qədər uzaqda yerləşməlidir?
 
Bu məsələ Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş "Qəbiristanlıqların salınması və idarə olunması Qaydaları" ilə tənzimlənir.
 
Qaydalara əsasən, qəbiristanlıqlar üçün torpaq sahələri yaşayış məntəqələrinin ətrafında ayrılmalıdır. Bu zaman qəbiristanlıq sahəsi ilə yaşayış və ictimai binalar, kənd təsərrüfatı təyinatlı obyektlər, eləcə də qida məhsulları istehsal edən müəssisələr arasında ən azı 300 metrlik sanitariya-mühafizə zonasının olması nəzərdə tutulmalıdır.
 
Lakin bu qaydanın istisnası da mövcuddur. Belə ki, kənd yaşayış məntəqələrində qrunt sularının səviyyəsi nəzərə alınmaqla və Səhiyyə Nazirliyinin rəyi əsasında qəbiristanlıqla yaşayış və ictimai binalar, kənd təsərrüfatı təyinatlı obyektlər, həmçinin qida məhsulları istehsal edən müəssisələr arasındakı məsafənin 100 metrədək azaldılmasına icazə verilə bilər.
 
Maraq üçün qeyd edək ki, bağlı elan olunmuş qəbiristanlıqda son dəfn tarixindən 25 il keçdikdən sonra onunla yaşayış məntəqəsi arasındakı məsafə də Səhiyyə Nazirliyinin rəyi əsasında 100 metrədək azaldıla bilər.