Rusiya lideri ordunun Ukraynada istədiyi sürətlə irəliləmədiyini etiraf etsə də, eyni zamanda Moskvanın hərbi gücünü nümayiş etdirməyə çalışır...




 
Rusiya prezidenti Vladimir Putin Ukraynaya qarşı müharibədə Rusiya ordusunun üzləşdiyi bəzi çətinlikləri ehtiyatla da olsa etiraf etməyə başlayıb.
 
Moderator.az xəbər verir ki, bu barədə ABŞ-ın Müharibənin Öyrənilməsi İnstitutunun (ISW) hesabatında deyilir.
 
Texnoloji üstünlük görüntüsü
 
Analitiklər Putinin iyunun 12-də, Rusiya Günü münasibətilə hərbçilərlə görüşdə etdiyi çıxışı təhlil edərək bildiriblər ki, Kreml rəhbəri son aylardakı uğursuzluqları qismən qəbul etsə də, eyni zamanda Rusiyanın hərbi imkanlarını ön plana çıxarmağa çalışıb.
 
ISW-nin məlumatına görə, Putin FPV pilotsuz aparatlarını, süni intellektin dronlara inteqrasiyasını, radioelektron mübarizə sistemlərinin genişləndirilməsini və "Starlink"ə alternativ peyk şəbəkəsinin yaradılması cəhdlərini xüsusi vurğulayıb. Bununla o, Rusiya ordusunu texnoloji baxımdan inkişaf edən və müasir qüvvə kimi təqdim etməyə çalışıb.
 
Ekspertlərin fikrincə, Putin həmçinin Kremlin uzun müddətdir səsləndirdiyi tezisləri təkrarlayaraq Rusiyanın faktiki olaraq NATO ilə qarşıdurma apardığını bildirib və ölkəsinin belə bir mübarizəni davam etdirmək gücünə malik olduğunu vurğulayıb.
 
ISW hesab edir ki, Kreml rəhbəri bu görüşdən mayın 9-da keçirilən zəif Qələbə Paradı və son vaxtlar Ukraynanın Rusiya hərbi obyektlərinə endirdiyi uğurlu zərbələr fonunda öz gücünü nümayiş etdirmək üçün istifadə etməyə çalışıb.
 
"İstədiyimiz qədər sürətli deyil"
 
Bununla yanaşı, Putin ilk dəfə olaraq cəbhədəki bəzi problemləri də etiraf edib. O bildirib ki, Rusiya qoşunları "istədiyimiz qədər sürətlə" irəliləmir, lakin hər gün müəyyən qədər irəliləyiş əldə edir. Analitiklər diqqətə çatdırırlar ki, Putin Ukrayna qüvvələrinin 2026-cı ilin martından etibarən Zaporojye və Dnepropetrovsk vilayətlərində qazandığı taktiki uğurlardan danışmayıb.
 
ISW xatırladır ki, Rusiya ordusunun irəliləmə tempi 2025-ci ilin noyabrından bəri davamlı şəkildə azalır və 2026-cı ilin aprel-may aylarında bəzi istiqamətlərdə ərazi itkiləri də qeydə alınıb. Ekspertlərin qənaətincə, Putin belə ritorikaya ona görə əl atır ki, cəbhədəki real vəziyyətlə üzləşən hərbçilər qarşısında daha məlumatlı və hadisələrdən xəbərdar lider təsiri bağışlasın.
 
Krıma gedən yol təhlükə altında
 
Bu arada Ukrayna tərəfi Rusiyanın Krımla əsas quru əlaqələrindən birini ciddi təhdid altına alıb. Məlumatlara görə, Kerç körpüsünün zədələnməsi səbəbindən Moskva hərbi yüklərin və yanacağın daşınmasında əsasən R-280 magistralına güvənir. Lakin həmin yol da Ukrayna zərbələrinin hədəfinə çevrilib.
 
Ukrayna Silahlı Qüvvələrinin Pilotsuz Sistemlər Qüvvələrinin komandanı Robert Brovdi (Madyar) bildirib ki, Ukrayna yaxın vaxtlarda Krımı faktiki olaraq təcrid edə bilər. Onun sözlərinə görə, Rostov-Mariupol-Melitopol-Krım marşrutu üzrə nəqliyyat axını son bir ayda üçdə ikidən çox azalıb. Madyar hesab edir ki, qarşıdakı bir ay ərzində Ukrayna bu yol üzərində tam nəzarət əldə edə bilər.