İran rəsmilərinin qələbə ritorikası ilə çıxışları və ABŞ-la mümkün razılaşma barədə açıqlamalar əsasında tərəflər arasında diplomatik gedişlərin davam etdiyi görünür. Lakin mövcud təkliflər və qarşılıqlı gözləntilər arasında ciddi ziddiyyətlər qalmaqdadır. 


Maraqlıdır, İran rəsmilərinin qələbə bəyanatları və ABŞ-la memorandum imzalanmasına yaxın olduqları barədə açıqlamaları bir arada nəzərdən keçirdikdə, Tehran hərbi təzyiqi diplomatik güzəştlərə çevirməyə çalışır? Bu strategiyanın uğur qazanmaq ehtimalı nə qədərdir?






Mövzu ilə bağlı Moderator.az-a politoloq Elxan Şahinoğlu açıqlama verib. 


Elxan Şahinoğlu bildirib ki, Amerika və İran tərəfləri bir-birilərinə müxtəlif təkliflər göndərsələr də, onları razılaşdırmaq elə də asan məsələ deyil:


"Məhz buna görə atəşkəs tez-tez pozulur, bölgədə gərginlik hökm sürür. Amerika tərəfi razılaşmaya yaxın olduqlarını bildirir, İran isə bunu təkzib edir. Tehran sanki prosesi uzatmağa çalışır və heç bir güzəştə getmək istəmir. Əksinə, uranın zənginləşdirilməsi və Hörmüz boğazı ilə bağlı məsələlərdə də geri addım atılmır. Bu mövzularda qarşılıqlı güzəştlər olmadan ümumi razılaşmanın əldə olunması çətin görünür.


İranın ABŞ-dan tələbləri də kifayət qədər sərtdir. O, regiondakı qoşunların çıxarılmasını istəyir. Lakin bu, real görünmür, çünki ABŞ Körfəz ölkələrindəki hərbi bazalarını boşaltmaq niyyətində deyil. Digər tərəfdən, İranın Livanla bağlı tələbləri də gündəmdədir; atəşkəsin təmin olunması üçün Hizbullahın İsrailə qarşı raket zərbələrini dayandırması tələb olunur.


 Lakin bu zərbələr davam edərsə, İsrail də Livanın cənubunda hərbi əməliyyatlarını dayandırmayacaq. Bütün bu amillər nəzərə alındıqda, tərəflər arasında razılaşmanın əldə olunması getdikcə daha da çətinləşir".


Pərvin Şakirqızı