"Tramp İranın zənginləşdirilmiş uranını ələ keçirmək üçün hazırlanmış hərbi planı böyük risklər səbəbindən bloklayıb..."




 
ABŞ və İran arasında aylardır davam edən qarşıdurmanın başa çatmasına yönəlmiş razılaşma demək olar ki, hazırdır. Həm Vaşinqton, həm də Tehran sazişin imzalanmasına az qaldığını açıqlayıb. 
 
Moderator.az xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb.
 
Eyni zamanda məlum olub ki, ABŞ prezidenti Donald Tramp son anda İran ərazisində genişmiqyaslı hərbi əməliyyatın keçirilməsinin qarşısını alıb. "Reuters" və CNN-in məlumatına görə, tərəflər əsas sənədin mətnini razılaşdırıb və ilkin razılaşma yaxın günlərdə imzalana bilər. İranın xarici işlər naziri Abbas Əraqçi isə bildirib ki, bəzi detallar hələ dəyişə bilər, lakin Tehran danışıqlardan özünü daha güclü mövqedə hesab edir.
 
Tramp niyə hərbi əməliyyatı dayandırdı?
 
CNN-in məlumatına görə, ABŞ ordusu son həftələrdə İranın zənginləşdirilmiş uran ehtiyatlarını ələ keçirmək üçün quru əməliyyatı planlaşdırıb. Uranın əsas hissəsinin İsfahan, Natanz və Fordo nüvə obyektlərində, yeraltı tunellərdə saxlanıldığı bildirilir.
 
Mənbələrin sözlərinə görə, ABŞ Baş Qərargah rəisi general Den Keyn əməliyyat planı barədə Trampa məruzə edib. Lakin prezident İranın sərt cavab verə biləcəyi, dünya iqtisadiyyatına ciddi zərbə dəyəcəyi və amerikalı hərbçilər arasında böyük itkilərin baş verə biləcəyi barədə xəbərdarlıqlardan sonra planı təsdiqləməyib.
 
Məlumata görə, danışıqların uğursuz olacağı təqdirdə İran tərəfi Hörmüz boğazı ilə yanaşı, husilərin də Bab əl-Məndəb boğazını bağlaması ssenarisini nəzərdən keçirirdi. Bu isə qlobal ticarət və enerji bazarları üçün ciddi təhlükə hesab olunurdu.
 
Saziş nələri nəzərdə tutur?
 
Mediada yayılan məlumatlara görə, razılaşma çərçivəsində İran Hörmüz boğazını yenidən beynəlxalq gəmiçilik üçün açacaq, ABŞ isə dondurulmuş İran aktivlərinin bir hissəsini azad etməyə və İran neftinin ixracına tətbiq olunan bəzi məhdudiyyətləri yumşaltmağa hazırdır.
 
Ən mürəkkəb məsələ olan nüvə proqramı üzrə ayrıca danışıqlar aparılacaq. Vaşinqton zənginləşdirilmiş uranın ölkədən çıxarılmasını və nüvə proqramının faktiki şəkildə ləğvini istəyir. Tehran isə proqramdan imtina etməyəcəyini bildirir və uranın yalnız seyrəldilmiş formada saxlanılmasını qəbul edə biləcəyini vurğulayır.
 
Məlumatlara görə, saziş həmçinin beynəlxalq nəzarət mexanizmlərini, eləcə də gələcəkdə sanksiyaların mərhələli şəkildə yumşaldılması məsələlərini əhatə edə bilər.
 
İsrail razılaşmadan kənarda qalır
 
İsrail danışıqlarda iştirak etmir. Baş nazir Benyamin Netanyahu bəyan edib ki, ölkəsi bu razılaşmanın tərəfi olmayacaq. Son həftələrdə Netanyahu ilə Tramp arasında Livandakı hərbi əməliyyatlar məsələsində fikir ayrılıqları da yaranıb.
 
Əraqçi iddia edir ki, mümkün saziş regiondakı gərginliyin azalmasına və Livandakı münaqişənin də sona çatmasına kömək edə bilər. İsrail rəsmiləri isə ölkənin təhlükəsizlik maraqlarını müdafiə etmək üçün hərəkət azadlığını qoruyacağını bildirir.
 
Beləliklə, bir neçə həftə əvvəl İran ərazisində hərbi əməliyyat keçirməyi nəzərdən keçirən Vaşinqton indi diplomatik həll yoluna üstünlük verir. Müşahidəçilərin fikrincə, əgər son anda ciddi fikir ayrılıqları yaranmasa, ABŞ və İran arasında razılaşma yaxın günlərdə rəsmiləşdirilə bilər.