İşğal olunmuş Donetskdə separatçı təhlükəsizlik strukturlarının yaradıcılarından biri olan Andrey Pinçukun evində güclü partlayış baş verib...




 
Moskva vilayətində özünü "Donetsk Xalq Respublikası"nın keçmiş "dövlət təhlükəsizliyi naziri" kimi tanınan Andrey Pinçuka qarşı sui-qəsd cəhdi edilib.
 
Moderator.az xəbər verir ki, bu barədə "themosciwtimes.com" nəşri məlumat yayıb.
 
Kuryerin gətirdiyi bağlama partladı
 
Məlumatına görə, hadisə Yeni Moskva ərazisində yerləşən Şapovo qəsəbəsində baş verib. Pinçukun ünvanına kuryer vasitəsilə göndərilən bağlamada partlayıcı qurğu olub. Bağlama açıldıqdan dərhal sonra güclü partlayış baş verib. Nəticədə evin pəncərələri və qapıları zədələnib, partlayış dalğası tikiliyə ciddi ziyan vurub.
 
Rusiya mənbələri bildirir ki, Pinçuk möcüzə nəticəsində sağ qalıb. Onun sözlərinə görə, hadisə zamanı zirehli qapının arxasına çəkilməsi daha ağır nəticələrin qarşısını alıb. Keçmiş separatçı rəhbər yalnız yüngül kontuziya alıb.
 
Andrey Pinçuk kimdir?
 
Andrey Pinçuk Rusiya Federal Təhlükəsizlik Xidmətinin ehtiyatda olan polkovnikidir. O, əvvəllər tanınmamış Dnestryanı bölgənin təhlükəsizlik strukturlarında çalışıb. 2014-cü ildə Donetsk vilayətinin işğal olunmuş hissəsinə gələrək Kremlin dəstəklədiyi separatçı qurumların güc strukturlarının formalaşdırılmasında iştirak edib.
 
Həmin ilin iyulunda "DXR dövlət təhlükəsizliyi naziri" vəzifəsinə təyin olunub və separatçı qurumun əks-kəşfiyyat və təhlükəsizlik sisteminə rəhbərlik edib. Məlumatlara görə, rəhbərlik etdiyi qurum Ukraynapərəst fəalların təqibi, saxlanılması və dindirilməsi ilə məşğul olub.
 
2015-ci ildə vəzifədən ayrıldıqdan sonra Rusiyaya qayıdan Pinçuk sonrakı illərdə siyasi şərhçi kimi çıxış edib və Ukraynaya qarşı müharibəni açıq şəkildə dəstəkləyib. O, həmçinin genişmiqyaslı müharibə zamanı BARS-13 könüllü dəstəsinə komandanlıq edib.
 
Bu, son vaxtlar ikinci belə hadisədir
 
Hadisə Rusiyada hərbçilər və təhlükəsizlik strukturları nümayəndələrinə qarşı son vaxtlar baş verən hücumlar fonunda diqqət çəkir. Bir neçə gün əvvəl Moskva vilayətinin Balaşixa şəhərində BMW X3 markalı avtomobilin partladılması nəticəsində bir nəfər həlak olub. 
 
Rusiya hakimiyyəti ölənin kimliyini açıqlamasa da, Ukrayna və Qərb KİV-ləri onun Rusiya Müdafiə Nazirliyinin Baş Raket-Artilleriya İdarəsində raket və sursat təchizatına cavabdeh olan polkovnik Damir Davıdov olduğunu yazıb. Pinçuka qarşı sui-qəsdin arxasında kimin dayandığı hələlik məlum deyil. Hadisə ilə bağlı araşdırma aparılır.