Bu gün ölkənin bütün ümumi təhsil müəssisələrində 2025-2026-cı tədris ilinin başa çatması münasibətilə “Son zəng” tədbirləri keçirilib.


Elm və Təhsil Nazirliyinin məlumatına görə, bu il respublika üzrə 11-ci sinfi ümumilikdə 116 550 şagird başa vurub. Onlardan 55 954 nəfəri qız, 60 596 nəfəri isə oğlandır.






İşğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən 25 ümumi təhsil müəssisəsində də “Son zəng” çalınıb. Həmin məktəblərdə 171 məzun olub.



Modern.az-ın məlumatına görə, builki məzunlar arasında jurnalist övladları da var. Ənənəmizə uyğun olaraq həmkarlarımızın xoş günlərinin sevincini bölüşürük.



“Bu gün mənim Oğuzum da məzunlar dəstəsinə qoşuldu. Məzun lentini ağ köynəyin üstünə taxıb, daha bir həyat mərhələsini geridə qoydu. 11 il əvvəl məktəbə başladığı günə nəzər saldım. Nələr-nələr dəyişib, təqvim sürətlə vərəqlənib. Amma dəyişməyən tək şey-övladının xoş günündə biz valideynlərin gözündən əskilməyən o parıltı, sevinc və qürurdur… Bütün məzunları təbrik edir, uğurlu həyat yolu arzulayıram”, - deyə Sevinc Telmanqızı təəssüratını bölüşüb.