ABŞ-nin "Vanguard Energy" şirkəti, Kubanın dövlət neft şirkəti olan "Cupet"ə qarşı sanksiyalar tətbiq edildikdən sonra bu ölkəyə 250 min barel yanacaq vermək planlarını ləğv edib.
Moderator.az xəbər verir ki, bu barədə "Bloomberg" məlumat yayıb.
Bildirilib ki, həmin ixrac 1960-cı ildən etibarən adaya Amerika yanacağının ən irihəcmli göndərişi ola bilərdi. Lakin ABŞ prezidenti Donald Trampın administrasiyası "Cupet"i sanksiyalar siyahısına saldıqdan sonra, şirkət belə tədarüklərin təşkilini mümkünsüz edən əməliyyat məhdudiyyətlərinin yarandığını açıqlayıb.
"Vanguard Energy"nin prezidenti Metyu Klann məhdudiyyətlərin ABŞ rəsmilərinin Kuba dövlət qurumlarına qarşı atdığı addımlarla əlaqədar olduğunu vurğulayıb. Şirkət, ABŞ-nin sanksiya rejiminin və ixraca nəzarət qaydalarının bütün tələblərinə riayət etdiyini bildirib.
"Bloomberg" yazır ki, bu qərar Kubada son onilliklərin ən ağır böhranı hesab olunan enerji qıtlığı fonunda qəbul edilib. Vaşinqton bu addımla Kuba rəhbərliyinin öz fəaliyyətlərini maliyyələşdirmək üçün enerji sektorundan istifadə imkanlarını məhdudlaşdırmaq niyyətində olduğunu bəyan edib.
(oxu.az)