“Rusiya hərbçilərinin Nüvədi kəndindən keçən yolu nəzarətə götürməsi xəbəri rəsmən təsdiqlənmir, ona görə də...”
13 Jun 2026, 18:58 2 baxış 6 dəq oxuma
“Aydındır ki, Nüvədi Azərbaycanın qədim yaşayış məntəqələrindən biridir. Və təbii ki, orada Rusiya “FSB”-sinin giriş-çıxışa nəzarət etməsi qəbulolunmazdır...”
“Amma əgər bu, sadəcə iddiadırsa, dezinformasiyadırsa, bu həm Paşinyana, həm də Azərbaycan tərəfinə mesaj kimi də qiymətləndirilə bilər...”
“Ermənistandakı seçkilərdən öncə məndən aldığınız açıqlamada Rusiyanın Paşinyan hakimiyyətinə qarşı nə edə biləcəyi ilə bağlı demişdim ki, bu, seçkilərdən sonra bəlli olacaq. İndi isə sizin suallara cavab olaraq öncə onu deyim ki, Rusiya hərbçilərinin Nüvədi kəndini nəzarətə götürməsi barədəki xəbəri heç kim təsdiqləmir. Başqa sözlə, Nüvədi kəndinə hərbi qüvvə yeridilməsi barədə nə Ermənistanın, nə də Rusiyanın rəsmi dairələrinin heç bir rəsmi açıqlaması yoxdur. Bu, yalnız Azərbaycan mətbuatında və qismən Ermənistan və Rusiya mənbələrində gedən məlumatlardır, lakin rəsmən təsdiqlənmir. Bəli, Ermənistan hakimiyyəti də həmin xəbərləri nə təkzib, nə də təsdiq edir.”
Beynəlxalq məsələr üzrə siyasi analitik Teymur Qasımlı bu fikirləri Moderator.az əməkdaşının “Rusiyanın Zəngəzur-Tramp yolundakı Azərbaycanın hazırda Ermənistana aid olan tarixi Nüvədi kəndinə hərbi qüvvə yeritməsi haqda xəbərlər yayılmasına və Paşinyanın buna reaksiya verməməsinə necə baxırsız? Əgər bu doğrudursa, Putin nə etmək istəyir? Trampın planına qarşı çıxırmı?” suallarını cavablandırarkən dilə gətirib.
“Bildiyimə görə, Ermənistan Xarici İşlər Nazirliyi Rusiya Günü münasibətilə Rusiya Xarici İşlər Nazirliyini təbrik edib. Və həmin qurumun bundan əlavə deyilən mövzuda hansısa iradı, notası-filanı yoxdur. Konkret hazırda “Tramp yolu” adlandırılmış Zəngəzur yolu məsələsinə gəldikdə, məlumdur ki, Rusiya bu yolun ABŞ və ya Türkiyənin nəzarətində açılmasına qarşı çıxır və yalnız öz nəzarətində açılması üçün mümkün resurslarıyla mübarizə aparır”, - deyə davamında analitik bildirib.
“Əgər Rusiya ordu hissələrinin Zəngəzur yolunun Azərbaycan tərəfdən giriş hissəsini nəzarətə götürməsi barədə məlumat doğrudursa, Paşinyan buna ona görə reaksiya vermir ki, birincisi, Ermənistan Konstitusiya Məhkəməsi parlament seçkilərini təsdiqləməyib. İkincisi, Paşinyan bu seçkilərdə, ümumiyyətlə, qalib gəlsə də, Konstitusiyada Azərbaycanla sülh sazişi imzalamaq üçün gərəkli dəyişikliyə nail olmaq üçün ona 6 səs kifayət etmir. Ona görə də bu, Rusiyanın müəyyən qədər uğuru sayıla bilər. Və seçkinin ilkin nəticələrinə görə rusiyapərəstlər parlamentdə xeyli yer əldə edə biləcəklər. Görünür, bu səbəblərdən Paşinyan hələlik Moskva ilə ehtiyatla davranır”, - Teymur Qasımlı belə deyib.
Həmsöhbətimiz hesab edir ki, xəbər təsdiqini tapmasa da, Putin rejimindən belə davranışlar gözləniləndir.
“Putinin nə etmək istədiyinə gəldikdə, öncə dediyim kimi, onun başçısı olduğu Rusiya rejimi Zəngəzur yolunu öz nəzarətinə götürmək üçün əlindən gələni edir və belə hərəkətlər də gözlənilir. Bəli, Kreml, Putin gizli və açıq şəkildə Trampın Zəngəzurla bağlı planına qarşı çıxır. Və əgər Putin doğrudan da Nüvədiyə hərbi qüvvə yeridibsə, bu, müəyyən mənada Paşinyana bir mesaj da ola bilər. Putindən bundan sonra onun əlindən gələ bilən hər şeyi gözləmək olar. Ancaq hazırda Rusiya Ukrayna bataqlığında çabalayır və rejimin əsas diqqəti Ukrayna müharibəsinə fokuslanıb. Bu səbəbdən Moskva yaxın dövrdə başqa cəbhələrdə- Ermənistanda, yaxud Moldovada hər hansı kiçik də olsa, hərbi əməliyyat keçirmək iqtidarında deyil”, -həmsöhbətimiz diqqətə çatdırıb.
“Bir sözlə, Nüvədi məsələsinə dair konkret nəsə söyləmək çətindir. Hesab edirəm ki, belə bir hadisə gerçəkdən olsaydı, Azərbaycan Respublikasının rəsmi dövlət qurumları da buna reaksiya vermiş olardı. Belə olarsa, konkret fikir bildirmək mümkündür. Aydındır ki, Nüvədi Azərbaycanın qədim yaşayış məntəqələrindən biridir. Və təbii ki, orada Rusiya “FSB”-sinin giriş-çıxışa nəzarət etməsi qəbulolunmazdır. Əgər belə bir hal olması təsdiqlənərsə, Azərbaycan dövləti buna qarşı müvafiq tədbirlər görməlidir. Amma əgər bu, sadəcə iddiadırsa, dezinformasiyadırsa, bu həm Paşinyana, həm də Azərbaycan tərəfinə mesaj kimi də qiymətləndirilə bilər”, - analitik bu fikirdədir.
“Hazırda Paşinyanın devrilməsi üçün Rusiya hərbi bazasından istifadə olunacağı barədə də fikirlər yayılır, lakin mən düşünmürəm ki, Putin bu mərhələdə belə bir addım atsın. Heç bunun üçün onun Ermənistanda yetərincə hərbi gücü də yoxdur. Ümumilikdə isə ABŞ, Avropa İttifaqı və Rusiya arasında Ermənistan uğrunda açıq bir savaş başlayıb və bütövlükdə regiona təsir göstərən gərginlik davam edir”,- deyə Teymur Qasımlı vurğulayıb.