“Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 1993-cü ilin 15 iyun tarixində yenidən hakimiyyətə qayıdışı, faktiki olaraq Azərbaycanın müstəqilliyini, onun dövlətçiliyini xilas etdi”.
Bu sözləri Moderator.az-a açıqlamasında Modern İnkişaf və Ailə” İctimai Birliyinin sədri, Yeni Azərbaycan Partiyasının Veteranlar Şurasının üzvü, Ulu Öndər haqqında çoxsaylı kitabların müəllifi Zərifə Quliyeva bildirib. Zərifə Quliyeva qeyd edib ki, məhz Heydər Əliyevin dərin dühası, böyk siyasi səriştəsi, sonsuz cəsarət və qətiyyəti Azərbaycan xalqını və dövlətini böyük bəlalardan xilas etdi:
“Azərbaycan Respublikası 1991-ci ildə müstəqillik əldə etsə də, bu müstəqilliyin son dərəcə kövrək olduğu, ciddi təhdid və təhlkələrlə üzləşdiyi məlumdur. Bir tərəfdən erməni işğalına qarşı mübarizə aparan Azərbaycan dövləti, digər tərəfdən daxili qarşıdurmalardan əziyyət çəkir, öz müstəqilliyini qorumaq, təhlükəsizliyini təmin etmək üçün daxili birliyi təmin edə, vahid nizami ordu formalaşdıra, iqtisadi inkişafı təmin edə bilmirdi. Məhz belə bir vaxtda – 1993-cü ilin 15 iyun tarixində Heydər Əliyev Ali Sovetin sədri seçildi və bu reallıq faktiki olaraq bütöv bir dövlətin gələcəyini xilas etdi.
İlk növbədə daxili birlik və həmrəyliyi təmin etmək üçün ciddi addımlar atan Heydər Əliyev, ölkə daxilindəki ziddiyyətləri aradan qaldırdı. Qanunsuz silahlı birləşmələri ləğv edərək vahid, nizami ordu formalaşdıran Heydər Əliyev, bütün qüvvələri erməni faşizminə qarşı mübarizəyə cəlb edə bildi. Nəticədə, Ermənənistan 1994-cü ildə atəşkəs sazişini imzalamağa məcbur oldu.
Hərbi əməliyyatların dayandırılması Azərbaycana ordu quruculuğu, eləcə də iqtisadi yüksəliş, sosial tərəqqi istiqamətində daha miqyaslı addımlar atmağa imkan verdi. 1994-cü ilin 20 sentyabrında “Əsrin müqaviləsi”nin imzalanması Azərbaycan neftinin dünya bazatına çıxarılmasını təmin etməklə yanaşı, ölkəmizin siyasi müstəqilliyini də əhəmiyyətli dərəcədə gücləndirdi. Daxili sabitliyin təmini, milli həmrəyliyin bərpası, dövlətin iqtisadi tərəqqisinin diqqət mərkəzində saxlanılması, xalqın sosial rifahının yaxşılaşdırılması istiqamətində mühüm addımların atılması müstəqil Azərbaycanın sürətli inkişafını təmin etdi.
Bu gün Heydər Əliyev kursu Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən uğurla davam və inkişaf etdirilməkdədir. Və əminəm ki, torpaqlarımızın azadlığına yol açan bu siyasi kurs bundan sonra da Azərbaycan xalqına çoxsaylı uğurlar və müvəffəqiyyətlər qazandıracaq, respublikamızın günü-gündən daha da çiçəklənməsini təmin edəcək”.
Seymur ƏLİYEV