Bu gün Azərbaycanda “Son zəng” günüdür. Paytaxtda və bölgələrdəki məktəblərdə 11-ci sinfi başa vurub yeni həyata addım atan şagirdlər üçün sonunca dəfə zəng çalınıb. Bu il ölkə üzrə 116 550 şagird 11-ci sinfi bitirir. Onlardan 55 min 954 nəfəri qız, 60 min 596 nəfəri oğlandır. Cari ildə işğaldan azad edilmiş ərazilərdə yerləşən, 11-də ilk dəfə olmaqla ümumilikdə 25 ümumi təhsil müəssisəsində “Son zəng” tədbiri keçirilib və 171 məzun məktəblə vidalaşıb. Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin müvafiq təlimatına əsasən, “Son zəng” tədbiri səhər saat 8:00, 9:00 və ya 10:00-da başlayıb və ən geci 2 saat ərzində bitib. Məktəbi bitirən gənclərdən biri də Yasamal rayonunda yerləşən 167 saylı tam orta məktəbin 11 d sinif şagirdi Əli Ağakişizadədir. O Moderator.az-a açıqlamasında bildirib ki, məktəbdə təşkil olunan tədbirdə fəal iştirak edib:





“Bu gün 11 illik həyatımızın həm önəmli, həm də məsuliyyətli günü idi. “Son zəng” müstəqil həyat yolunda atılan ilk addımdır. Bu gün mən və digər 11-ci siniflər üçün sonuncu dəfə zəng çalındı. Bu elə bir hisslərdir ki, sözlə başa salmaq, qələmlə yazmaq olmur. Bu hisslərin adı yoxdur. Sinif olaraq 2-3 aya yaxındır ki, tədbirə hazırlaşırdıq. Müəllimimizlə rəqslərimizin məşqlərini edirdik. Çox əziyyət çəkdik, amma əziyyətimizə dəyərdi. Milli rəqslər, ləzginka, vals oynadıq. Hələ dərk etmirik ki, dostlarımızdan ayrı düşürük. Deyirik, gülürük, danışırıq, düşünəndə ki, bu son dəfədir, istər-istəməz darıxırsan. Əlbəttə ki, biz yenə də görüşəcəyik, amma sinifdə yox, müstəqil həyatda.. Bundan sonrakı həyatımızda da ən azı 11 illik sinif həyatımızda göstərdiyimiz məsuliyyəti əldən verməməliyik. Çünki daha məsuliyyətli günlər hələ qarşıdadır. Hər bir şagird kimi bizim də niyyətimizdə universitetə daxil olmaq var. Arzularımın ünvanı isə Bakı Dövlət Universitetidir. Allah hər kəsi arzusuna çatdırsın. Bir daha sizin vasitənizlə bütün şagirdləri və müəllim kollektivlərini ürəkdən təbrik edirəm” deyə o bildirib.

Zəkiyyə Ağamalıyeva da bu gün şagirdləri ilə vidalaşan müəllimlər sırasındadır. O deyir ki, 34 ildir müəllimlik fəaliyyəti ilə məşğul olur:
 
“34 ildir İlqar İbrahimov adına 167 saylı tam orta məktəbdə rus bölməsi üzrə Azərbaycan dili müəllimi kimi fəaliyyət göstərirəm. Bu mənim 4-cü buraxılışımdır. Çox xoşbəxtəm ki, bu illər ərzində özümü şagirdlərimə sevdirmişəm. Təkcə sinif rəhbəri olduğum şagirdlərə yox, eyni zamanda dərs dediyim bütün uşaqlar mənə hörmətlə yanaşıblar. Mən də onlara həmişə bir ana kimi qayğı göstərmişəm. Baxmayaraq ki, imtahan ərəfəsi idi, amma şagirdlərim “Son zəng” gününə ürəklə hazırlaşırdılar. Biz birlikdə milli rəqslər hazırlamışdıq. Bu gün o rəqslərin hər birini nümayiş etdirdik. Builki “Son zəng” əvvəlki illərdəki tədbirlərdən tamamilə fərqlənir. Yeni qaydalara uyğun olaraq hərəkət etdik. Şagirdlər bütün məktəblərdə məktəbli formasında çıxış etdi. Bu bir yenilik idi. Bundan əlavə bizim “Son zəng” tədbirində bayağı və digər xarici mahnılardan istifadə edilmədi. Əlbəttə ki, öncə şəhidlərimiz yad edildi. Şəhid ailələrini də, qazilərimizi də tədbirə dəvət etmişdik.. Şagirdlərimə arzularım sonsuzdur. Onlar yeni həyat yoluna qədəm qoyurlar. Bu həyatda heç vaxt büdrəməsinlər. Həyatda inamla addımlasınlar. Tələbə adını qazansınlar. Hər şeydən əvvəl yaxşı insan olmağa çalışsınlar. Düzlüklərini, vicdanlarını, mərhəmətlərini heç vaxt itirməsinlər. Böyük xəyallar qursunlar, amma onlara çatmaq üçün zəhmət çəkməyi də unutmasınlar. Yolları həmişə işıqlı, qəlbləri sevgi ilə dolu olsun” deyə müəllim bildirib.

Bakı Dövlət Universitetinin Mexanika Riyaziyyat fakültəsinin kafedra müdiri, eks Təhsil Naziri Misir Mərdanov da şagirdləri Moderator.az vasitəsilə təbrik edib:
“Müxtəlif səbəblərdən mən o tədbirlərdə birbaşa iştirak etmirəm. Amma dünən Bakı Dövlət Universitetinin məzun tədbirində iştirak etdim. Çox yüksək səviyyədə təşkil olunmuşdu. Mən yaxşı xatırlayıram ki, ilin bu günündə ali məktəblərdə “Məzun günü”, orta məktəblərdə isə “Son zəng” keçirilir. Bu ölkənin bütün həyatını əhatə edən bir tədbirdir. Görün bu nə dərəcədə ciddi bir məsələdir ki, ölkənin bütün aidiyyatı qurumları bunlara nəzarət edir ki, bu işlər normal keçsin, heç bir problem yaşanmasın, məzunlar, orta məktəbləri bitirən şagirdlər bu xoş hadisələrdən yalnız sevinsinlər. Əvvəla mən orta məktəbi bitirən, orta təhsilin bir səviyyəsindən digər səviyyəsinə keçən şagirdlərimizi bu böyük hadisə münasibətilə ürəkdən təbrik edirəm, onlara möhkəm can sağlığı arzulayıram. Onların valideynlərini, müəllimlərini təbrik edirəm. Bu gün həmin uşaqlar, həmin gənclər həyatın növbəti pilləsinə addım atırlar. Arzu edirəm ki, bu addımlar uğurlu olsun. Əlbəttə son illər keçirilən tədbirlər 10-15 il əvvəl keçirilən tədbirlərdən xeyli fərqlənir. Əsas fərq də ondan ibarət idi ki, bugünki məzunlar, bugünki şagirdlər, müəllim və valideynlər tam müstəqil, ərazi bütövlüyü tam təmin olunmuş və dünyanın ölkələri sırasında ön sıraya çıxmış ölkənin vətəndaşı kimi iştirak edirlər. Bu çox qürurverici və sevindirici hadisədir. Bu baxımdan mən sevinirəm. Allaha şükür edirəm ki, bu tədbirləri mən də görürəm, televiziyalar və sosial şəbəkələr vasitəsilə izləyirəm. Şagirdlərə təvəqqem var ki, müəllimlərini və məktəblərini heç vaxt unutmasınlar, onlarla mütəmaddi əlaqə saxlasınlar. Sizə də təşəkkür edirəm ki, şagirdlərə və müəllimlərə olan arzularımı dilə gətirməyə mənə şərait yaratdınız” deyə Misir Mərdanov deyib.