"ABŞ-ın son qərarları Vaşinqtonun Avropanın müdafiəsindən tədricən uzaqlaşdığı barədə narahatlıqları gücləndirir..."


ABŞ prezidenti Donald Trampın administrasiyası Avropanın təhlükəsizliyi ilə bağlı uzun illər mövcud olmuş prinsipləri yenidən nəzərdən keçirir.






Moderator.az xəbər verir ki, bu barədə "Politico" nəşri yazıb.


80 illik təhlükəsizlik modelinin sonu?


Nəşrin fikrincə, Vaşinqtonun Almaniyaya uzaqmənzilli "Tomahawk" raketlərinin satışından imtina etməsi ABŞ-ın Avropa ilə təhlükəsizlik münasibətlərində daha dərin dəyişikliklərin əlamətidir.


Bu addım Almaniyadan 5 min ABŞ hərbçisinin çıxarılması, Avropada "Tomahawk" raketlərinin yerləşdirilməsi planının dayandırılması və NATO-nun müdafiə imkanlarının azaldılması ilə bağlı digər qərarların davamı kimi qiymətləndirilir.


Pentaqon bunu müdafiə yükünün daha ədalətli bölüşdürülməsi ilə izah etsə də, tənqidçilər hesab edir ki, Vaşinqton həm öz hərbi iştirakını azaldır, həm də avropalı müttəfiqlərin müstəqil şəkildə silahlanmasını məhdudlaşdırır.


Bu dəfə təşəbbüs Vaşinqtondan gəlir


Məqalədə qeyd olunur ki, "soyuq müharibə" dövründə ABŞ-la Avropanın uzaqlaşması qorxusu SSRİ-dən qaynaqlanırdı. İndi isə bu prosesin təşəbbüskarı kimi məhz Vaşinqton çıxış edir.


Müəlliflərin fikrincə, ABŞ rəhbərliyi Avropanın təhlükəsizliyini əvvəlki kimi öz təhlükəsizliyinin ayrılmaz hissəsi hesab etmir. Bu isə NATO-nun onilliklər boyu əsaslandığı prinsiplərdən birinə ziddir.


Yeni dövrün təhlükələri


Ekspertlər hesab edir ki, ABŞ və Avropa arasında məsafənin artması qarşılıqlı etimadı zəiflədə bilər. Vaşinqtonun diqqətini digər regionlara yönəltməsi fonunda Avropa öz müdafiə imkanlarını sürətlə artırmağa çalışır.


Məqalədə vurğulanır ki, Avropa müdafiəsiz qalmayacaq. Lakin ABŞ və Avropanın təhlükəsizliyinin artıq vahid sistem kimi qəbul edilməməsi son 80 ildə Qərbdə formalaşmış çəkindirmə modelini zəiflədə bilər.


Müəlliflərin fikrincə, vaxtilə Helmut Şmidt Avropanın təhlükəsizliyinin bölünməz olduğunu düşünürdü. Tramp isə bunun əksinə inanır. Hansının haqlı olduğu isə yaxın illərdə məlum olacaq.