"Çin münaqişədən istifadə edərək özünü ABŞ-ın güc siyasətinə alternativ kimi təqdim edir və qlobal nüfuzunu artırmağa çalışır..."


ABŞ və İsrailin İrana qarşı hərbi əməliyyatları Yaxın Şərqdə qüvvələr balansını dəyişsə də, prosesin əsas geosiyasi qazananı kimi getdikcə daha çox Çinin adı çəkilir.






Moderator.az xəbər verir ki, bu barədə İsveçrənin "Neue Zürcher Zeitung" nəşri yazıb.


Pekin ehtiyatlı mövqe tutur


Nəşrin fikrincə, Çin İranın yaxın tərəfdaşı olsa da, münaqişədə açıq şəkildə Tehranın tərəfində yer almaqdan çəkinir. Pekin əsasən diplomatik bəyanatlarla çıxış edir, atəşkəsə və danışıqlara çağırır, lakin ABŞ-la birbaşa qarşıdurmadan yayınır.


Çin hökuməti müharibəni beynəlxalq hüququn pozulması kimi qiymətləndirsə də, Vaşinqtona qarşı sərt ritorikadan istifadə etmir. Eyni zamanda, Pekin vasitəçi rolunu da üzərinə götürməyə tələsmir.


Çin öz imicini gücləndirir


Müəlliflər hesab edir ki, Tramp administrasiyasının sərt və bəzən ziddiyyətli siyasəti fonunda Çin özünü daha sabit və proqnozlaşdırılan qlobal güc kimi göstərmək imkanı qazanıb.


Pekin xüsusilə Qlobal Cənub ölkələrində ABŞ-ın hərbi müdaxilələrinə alternativ model təqdim etməyə çalışır. Rəsmi Çin bəyanatlarında sülh, sabitlik və dövlətlərin suverenliyinə hörmət ön plana çıxarılır. Bu yanaşma həm Si Tszinpinin, həm də Çin Kommunist Partiyasının nüfuzunu gücləndirə bilər.


Qələbə hələ tam təmin olunmayıb


Bununla belə, nəşr qeyd edir ki, Çinin qazancı hələlik zəmanətli deyil. Uzanan müharibə enerji qiymətlərini artırır ki, bu da Çin iqtisadiyyatına mənfi təsir göstərə bilər. Pekin enerji mənbələrini diversifikasiya etsə də, hələ də Hörmüz boğazından keçən neft və qaz tədarükündən əhəmiyyətli dərəcədə asılıdır.


Məqalədə vurğulanır ki, münaqişə ABŞ-ın uzun illər təmin etdiyi qlobal dəniz təhlükəsizliyi sisteminin gələcəyi barədə də suallar yaradır. Əgər Vaşinqton bu roldan geri çəkilərsə, Pekin qarşısında yeni sual yaranacaq: Çin dünya ticarət yollarının təhlükəsizliyini özü təmin etməyə hazırdırmı?


Nəşrin qənaətinə görə, Çin hazırda müharibənin siyasi dividendlərindən faydalanır. Lakin uzunmüddətli perspektivdə bunun davam edib-etməyəcəyi Pekinin qlobal məsuliyyət götürməyə nə dərəcədə hazır olmasından asılı olacaq.