"2026-cı il dünya çempionatı rekord gəlirlər və görünməmiş qiymətlərlə yadda qala bilər..."
Futbol üzrə dünya çempionatı hələ yeni başlasa da, onun iqtisadi tərəfi artıq böyük maraq doğurur.
Moderator.az xəbər verir ki, bu barədə Fransanın "Le Monde" nəşri yazıb.
Futboldan milyardlar qazanan sənaye
Nəşrin iqtisadi icmalçısı İzabel Şaperonun fikrincə, dünya çempionatı otel biznesindən tutmuş media, idman avadanlığı istehsalçıları və onlayn mərc şirkətlərinə qədər çoxsaylı sahələr üçün böyük gəlir mənbəyinə çevrilib. FİFA turnirdən rekord həcmdə - təxminən 9 milyard dollar gəlir əldə etməyi planlaşdırır.
Bu məbləğin əsas hissəsi yayım hüquqları, sponsorluq müqavilələri və yüksək qiymətli biletlər hesabına formalaşacaq. Hətta stadion tablolarında adının göstərilməsini istəyən azarkeşlər üçün ayrıca ödəniş nəzərdə tutulub. Mərc bazarında da böyük fəallıq müşahidə olunur. ABŞ-ın proqnoz platformalarında dünya çempionatı ilə bağlı artıq milyardlarla dollar dəyərində mərc qəbul edilib.
Futbol populyardır, amma ən bahalı idman deyil
Məqalədə qeyd olunur ki, futbol dünyada təxminən 5 milyard azarkeşə malik olsa da, maliyyə baxımından Amerika idman liqalarından geri qalır. Məsələn, ABŞ-ın Milli Futbol Liqasının (NFL) aparıcı klublarının dəyəri Avropanın ən məşhur futbol komandalarından xeyli yüksəkdir.
"Bank of America"nın hesablamalarına görə, NFL və NBA-nın ilk on klubunun ümumi dəyəri 99 milyard dollar təşkil etdiyi halda, Avropanın ən güclü on futbol klubunun dəyəri 56 milyard dollar civarındadır.
Futbolun "amerikanlaşması"
Nəşr hesab edir ki, fərqin əsas səbəbi ABŞ idman sənayesinin oyundan maksimum gəlir əldə etməyi bacarmasıdır. Avropa futbolu da getdikcə bu modeli mənimsəyir və ABŞ, Kanada və Meksikanın ev sahibliyi etdiyi dünya çempionatı bu prosesi daha da sürətləndirə bilər.
Bununla belə, müəllif qeyd edir ki, Amerika liqaları qapalı sistem üzərində qurulub və klublar aşağı liqalara düşmək riski ilə üzləşmir. Avropa futbolunda isə idman nəticələri maliyyə sabitliyinə birbaşa təsir göstərir. "Le Monde"un qənaətinə görə, futbol getdikcə daha çox böyük biznesə çevrilir. Lakin milyonlarla insanın sevdiyi bu oyunda idman ehtirası ilə maliyyə maraqlarını tarazlaşdırmaq hər zaman asan olmur.