Şimali Koreya nüvəsizləşmə məsələsinin artıq gündəmdə olmadığını və ölkənin nüvə dövləti statusunun dəyişdirilə bilməyəcəyini bəyan edib.
Moderator.az xəbər verir ki, bu barədə Şimali Koreya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsinin Koreya Mərkəzi Teleqraf Agentliyi (CTAK) tərəfindən dərc olunmuş bəyanatında deyilir.
Bəyanatda qeyd olunub ki, ABŞ və onun müttəfiqlərinin Şimali Koreyaya qarşı səsləndirdiyi çağırışlar və təzyiqlər ölkənin nüvə dövləti statusuna heç bir təsir göstərə bilməz.
“Nüvəsizləşmə məsələsi birdəfəlik və qəti şəkildə bağlanıb”, – deyə sənəddə vurğulanıb.
KXDR Xarici İşlər Nazirliyi bildirib ki, ölkənin nüvə dövləti statusu geri dönməz xarakter daşıyır və ABŞ, Yaponiya, eləcə də Cənubi Koreya bu reallığı dəyişə bilməyəcək.
Pxenyan həmçinin nüvə potensialını daha da gücləndirmək niyyətində olduğunu açıqlayıb. Bildirilib ki, nüvə silahı ölkənin suverenliyinin, təhlükəsizliyinin və regional sabitliyin qorunması üçün vacib çəkindirici vasitə hesab olunur.
Bəyanatda qeyd edilib ki, Şimali Koreya düşmən dövlətlərin nüvə təhdidlərinə cavab olaraq bütün mövcud imkanlardan istifadə etməklə hərbi-texniki potensialını inkişaf etdirməyə davam edəcək.
KXDR XİN nümayəndəsi vurğulayıb ki, ölkə rəhbərliyi milli təhlükəsizliyin təmin olunması və xarici təhdidlərin qarşısının alınması məqsədilə nüvə qüvvələrinin gücləndirilməsi kursunu davam etdirəcək.