Son illər sosial şəbəkələrdə sürətlə yayılan rozmarin dəbi saç tökülməsindən əziyyət çəkənlərin əsas ümid yerinə çevrilib. Bir çox bloqer bu bitkinin yağının və ya suyunun keçəlləşmənin qarşısını aldığını, yeni saçlar çıxardığını iddia edir.
Bəs tibb bu barədə nə deyir?
Moderator.az-ın məlumatına görə həkimlər bildirirlər ki, rozmarin bitkisinin tərkibindəki bəzi maddələr baş dərisində qan dövranını sürətləndirir. Bu da saç köklərinin daha yaxşı qidalanmasına şərait yaradır.
Aparılan elmi araşdırmalar zamanı məlum olub ki, rozmarin yağı saç tökülməsinə qarşı istifadə edilən bəzi kliniki preparatlarla oxşar nəticələr göstərir. Xüsusilə genetik saç tökülməsinin erkən mərhələlərində bu bitki tük köklərini stimullaşdıra bilir.
Lakin mütəxəssislər böyük gözləntilərə qarşı xəbərdarlıq edirlər. Tamamilə ölmüş və keçəlləşmiş nahiyələrdən yenidən saç çıxarmaq sadəcə bitki suları ilə mümkün deyil.
Ekspertlərin fikrincə, rozmarin mövcud tükləri qalınlaşdırır və tökülməni ləngidir, amma möcüzə yaratmır. Həmçinin bu üsulun fərdi allergik reaksiyalar verə biləcəyi də unudulmamalıdır. Saç tökülməsinin real səbəbini öyrənmək üçün ilk növbədə daxili hormonal balansı yoxlamaq lazımdır.
(demokrat.az)