"Kiyev dron və raket istehsalını artırır, Rusiya isə artan itkilər və iqtisadi yük fonunda getdikcə daha çətin seçimlərlə üzləşir..."
Rusiyanın Ukraynaya qarşı müharibəsi mühüm mərhələyə yaxınlaşır. Kreml üçün müharibənin qiyməti durmadan artır və yaxın vaxtlarda Moskva ya iqtisadiyyat və cəmiyyət üzərində yükü daha da artırmalı, ya da hərbi məqsədlərini yenidən nəzərdən keçirməli olacaq.
Moderator.az xəbər verir ki, bu barədə "The Times" nəşri yazıb.
Ukrayna Rusiyaya daha çox itki verməyə başlayıb
Nəşr yazır ki, Ukraynanın son aylarda müharibənin gedişinə təsir edən bir sıra üstünlüklər qazanıb. Kiyevdə hesab edirlər ki, Ukrayna ordusu hazırda Rusiyanın cəlb edə bildiyindən daha çox hərbçini sıradan çıxarır.
Ukrayna kəşfiyyatının məlumatına görə, Rusiya hər ay təxminən 30 min nəfər itki verir. Bununla belə, ekspertlər hələlik bunu həlledici dönüş nöqtəsi hesab etmirlər. Onların fikrincə, Rusiya hələ də canlı qüvvə ehtiyatlarını müəyyən müddət ərzində bərpa etmək imkanına malikdir.
Dron müharibəsində üstünlük uğrunda yarış
Müasir döyüşlərin əsas silahına çevrilən FPV dronlarının istehsalında Ukrayna sürətlə irəliləyir. Əgər əvvəllər Kiyev ildə 3,5 milyon dron istehsal etməyi planlaşdırırdısa, indi bu rəqəm ikiqat artırılıb.
Rusiyanın da oxşar planları var, lakin Qərbin, xüsusən Avropanın maliyyə və texnoloji dəstəyi Ukraynaya fərqi azaltmağa imkan verir. Eyni proses uzaqmənzilli zərbə dronlarının istehsalında da müşahidə olunur.
Ekspertlər həmçinin qeyd edir ki, Rusiyanın "Starlink" sistemindən istifadəsinin məhdudlaşdırılması Ukraynaya xüsusilə 50-200 kilometrlik məsafələrdə dron əməliyyatlarında əlavə üstünlük qazandırıb.
Müharibənin qiyməti artır
Nəşrin fikrincə, Ukraynanın dərinliklərə endirdiyi zərbələr, cəbhədəki itkilər və davam edən silahlanma yarışı Kremlin xərclərini sürətlə artırır. Rusiya həm dağıdılmış obyektləri bərpa etməli, həm hərbçilərin ailələrinə ödənişlər etməli, həm də yeni könüllülər cəlb etmək üçün daha çox vəsait ayırmalıdır.
Eyni zamanda, ekspertlər hesab edir ki, Vladimir Putin hələ də müharibəni genişləndirmək imkanlarını tam tükətməyib. Onların fikrincə, Kreml təzyiqi artırmaq üçün NATO sərhədləri yaxınlığında daha aqressiv addımlar ata bilər.
Nəşrin qənaətinə görə, Ukrayna son aylarda mühüm üstünlüklər əldə etsə də, müharibənin taleyini müəyyən edəcək həlledici mərhələ hələ qarşıdadır. Bununla belə, hər keçən ay müharibənin iqtisadi və hərbi yükü Rusiya üçün daha ağır olur.